ABŞ administrasiyasının vəzifəli rəsmisi deyib ki, Birləşmiş Ştatlar İranda antihökumət etirazları üzərinə hücumlarla bağlı Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir.
Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda indiyədək azı 22 nəfər həlak olub.
AFP agentliyi yanvarın 3-də adı çəkilməyən vəzifəli ABŞ administrasiyası rəsmisinə istinadən bildirir ki, hazırda mümkün sanskiyaların variantları müzakirə olunur.
AFP-nin məlumatına görə həmin rəsmi deyib: “Bu məsələ informasiya tələb edir. Əslində bu barədə informasiya çoxdur. Biz bu informasiyanı toplayırıq və nə edə biləcəyimizə baxacağıq”.
Rəsmi bildirib ki, Birləşmiş Ştatlar “nümayişlərə hücumların kim tərəfindən edildiyinə, insan haqlarını kimin pozduğuna və etirazçılara qarşı zorakılıqları kimin törətdiyinə dair ixtiyarında olan bütün vasitələrlə lazımi informasiyaları toplayacaq və bunlardan sanksiyaların formalaşdırılmasında istifadə ediləcək”.