ABŞ jurnalist Əfqan Muxtarlının həbsindən narahatlıq bildirib.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hether Nauertin yanvarın 12-də Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, jurnalist bildirdiyi kimi,mayın 30-da Gürcüstanda oğurlanıb və sonradan Azərbaycanda qaçaqmalçılıq və digər ittihamlarla həbs edilib.
Bəyanatda qeyd edilir ki, biz Azərbaycan hökumətini Əfqan Muxtarlı və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq.
Bəyanatda həmçinin həmçinin qeyd edilir ki, biz məlumat verildiyi kimi, jurnalistin qaçırılması ilə bağlı Gürcüstanda aparılan istintaqı diqqətlə izləyir və işin hərtərəfli və şəffaf aparılmasına çağırırıq.
Balakən Rayon Məhkəməsi yanvarın 12-də Əfqan Muxtarlını 6 il azadlıqdan məhrum edib.
Xatırlatma
Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.
Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.