Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlı doğmalarının yasına buraxılmayıb.
Abzas.net xəbər verir ki, vəkilləri bu məsələ ilə bağlı həm məhkəməyə, həm də Penitensiar Xidmətə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Bu barədə vəkil Nemət Kərimli məlumat verib.
Nemət Kərimli hesab edir ki, burada qərarverici instansiya məhkəmə deyil:
"Mənə dedilər ki, cavab üçün məhkəməni narahat etməyək, cavab olan kimi özləri xəbər edəcəklər. Bizə başa salmaq istədilər ki, məsələ məhkəməlik deyil, hansısa daha yüksək instansiya var bu işin içində".
Dekabrın 31-də Əfqan Muxtarlının bacısının, bacısı uşağının və qardaşı uşağının mənzildə meyitləri tapılıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib.
Hadisənin Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verdiyi açıqlanıb. Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Nuranə Sabir qızı Muxtarlının, onun bir azyaşlı övladının və qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.
Xatırlatma
Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.
Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.
Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.
Mayın 31-i Səbail rayon məhkəməsi Əfqan Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri seçib. Daha sonra bu müddət iki dəfə uzadılıb.
Əfqan Muxtarlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılan istintaqı artıq başa çatıb.