Həbsdəki jurnalist Əfqan Muxtarlı daha ağır cəza gözləyib.
O, 6 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü belə dəyərləndirib.
Jurnalistin fikirlərini dünən, yanvarın 16-sı onunla görüşən vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bölüşüb. Vəkilinin bildirdiyinə görə, Ə.Muxtarlı məhkəmədən daha ağır cəza gözləntisi içində olduğunu bildirib.
«Məhkəmədən daha ağır cəza gözləyirdim. Özümü bu cəzaya hazırlamışdım», - vəkilin deməsinə görə, jurnalist ona bildirib.
E.Sadıqovun bildirdiyinə görə, Ə.Muxtarlının fiziki və psixoloji durumu normaldır. O, səhhətindən narahatlıq bildirməyib.
Vəkilinin qeyd etməsinə görə, Ə.Muxtarlı həmçinin, ötən il dekabrın 31-də bacısı, bacısı və qardaşı uşaqlarının ölümünün istintaqından narazı olduğunu bildirib.
«Ə.Muxtarlı ölüm işinin istintaqından narazı olduğunu bildirdi. Deyir ki, hadisə ilə bağlı müəyyən şübhələri var. Bununla bağlı açıqlamasının olacağını bildirdi», - vəkil qeyd edib.