Ə.Muxtarlının son sözü: 'Elmar Hüseynovu, Rafiq Tağını öldürdünüz...' [Tam mətn]

Ə.Muxtarlının son sözü: 'Elmar Hüseynovu, Rafiq Tağını öldürdünüz...' [Tam mətn]
12 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 12-də jurnalist, Nida Vətəndaş Hərəkatının üzvü Əfqan Muxtarlının işi üzrə Balakən rayon məhkəməsində son məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, Prokuror Əfqan Muxtarlıya 8 il iş istəyib. Prokurordan sonra jurnalistin vəkilləri Elçin Sadıqov və Nemət Kərimli çıxış edib. Vəkillərdən sonra isə Əfqan Muxtarlıya məhkəmədə son söz demək üçün söz verilib. Son sözün tam mətnini təqdim edirik:

Hakim: Buyurun Əfqan Muxtarlı, son sözünüzü deyin.

Əfqan Muxtarlı: Mənə son sözü siz verə bilməzsiniz, mən ömrümün axırına qədər sözümü deyəcəm. Mən qarşı qondarma ittihamla bağlı danışıb çox vaxtınızı almaq istəmirəm.

Hər bir halda cinayət törədərkən bunun səbəbi olmalıdır. İttiham tərəfi, Ağır Cinayətlərə dair İstintaq İdarəsi mənim cinayətimi guya 10000 avronu ölkəyə gətirməkdə görür. Əvvəla bu maddə ilə müstəqillikdən sonra heç kəs həbsdə yatmayıb, heç kəsə cinayət işi açılmayıb.

İkincisi, göstərilən məbləğ çox gülməli məbləğdi. Hakimiyyətdə olanların, Elçin Quliyevin obedinin puludu təxminən. Həmin pulu ölkəyə gətirmək üçün heç bir sənəd tələb olunmur. Vergisi yoxdu, yalnız deklorasiya yazmaqla keçirmək olur. Üçüncüsü, mən bu pulu keçirəsi olsaydım bunu dostlarımın arasında bölüb də keçirə bilərdim. O halda da heç bir qanunu pozmuş olmayacaqdım.

Qondarma ittihamın əsas mahiyyəti ondan ibarət idi ki, mən, Gözəl Bayramlı guya ölkəyə pul gətiririk, nəsə etmək istəyirik. Belə fon yaratmaq istədilər. Tapşırıq prokurorluğaSərhəd Qoşunlarına, Dövlət Təhlükəsizlik Xidmətinə, Xarici Kəşfiyyat İdarəsinə belə gəlmişdi. Bunlar sadəcə fərsizdilər, bacarıqsızdılar. Bu iflasa uğramış işdi, ona görə bununla bağlı çox danışmayacağam.

Mənim həsdə düşməyimin əsas səbəbləri barədə danışmaq istəyirəm. Burda oturan adamların 100 faiz hamısı məni tanıyır. 17 yaşımdan Qarabağda vuruşmuşam, 15 yaşımdan Azərbaycanın müstəqilliyi uğrunda hərəkatda iştirak etmişəm, ölkədə azadlıq və demokratiya uğrunda mübarizədə ön sıralarda olmuşam. Xüsusən də Əliyevlər rejimi dövründə bu ailənin böyük bir xalqın sərvətlərinin talamasına göz yummamışam. Jurnalist olduğum müddətdə Əliyevlər tərəfindən dövlət büdcəsinin talanması ilə bağlı bir neçə araşdırmanın müəllifiyəm.

Bu araşdırmalardan biri Göy-Gölun zəbt olunması haqqındadır. Bu məqalə Demokrat qəzetində çap olunmuşdu. Orda Göy-Göl ərazisinin zəbt olunması, dövlət hesabına böyük bir villanın tikilməsi, həmin villanın gülləkeçirməz pəncərələri, xüsusi mühafizə səddlərinin…

Bu arada hakim Əfqan Muxtarlıya deyir ki, işin mahiyyəti üzrə danışın. Jurnalist isə bildirir ki, işin mahiyyəti elə budur.

Digər bir araşdırmam ordudakı yeyindilərlə bağlı idi. Həmin araşdırmamda ortaya çıxarmışdım ki, Əliyevlərin şirkətləri silahlı qüvvələrin ərzaq təminatına ayrılmış pulun 90 faizdən yuxarı məbləğini mənimsəyirlər və əsgərlərə keyfiyyətsiz ərzaq verilir.

Daha bir araşdırmam Azərbaycandan oğurlanmış pullar hesabına Gürcüstana vəsaitin yatırılması ilə bağlı idi. Həmin yazıda ortaya qoymuşdum ki, Azərbaycan xalqından oğurlanmış vəsait Azərbaycanda iqtisadiyyata qoyulmur, onlar ölkədən çıxarılır Gürcüstanın turizm sahəsinə qoyulur, Gürcüstanın ərzaq sənayesinə qoyulur.

Həbs olunmağımın digər səbəbi siyasi fəaliyyətimlə bağlıdır. Burda olan hər kəs bilir ki, xarici ölkələrdə və Gürcüstanda Azərbaycan səfirliklərinin, beynəlxalq təşkilatların ofislərinin qarşısında keçirilən aksiyaların təşkilatçılarından biri də mən olmuşam. Xüsusən Gürcüstanda. Və orda həmin hər addımımı, hər günü Azərbaycan hakimiyyəti izləyirdi. Buna görə də milyonlarla vəsait xərcləyirdilər. Buna görə orda gədələr tutulurdu, çox sayda adamlar saxlayırdılar. Evimin qarşısında post qurulmuşdu. Gecə gündüz izləyirdilər. Telefonlarımı izləyirdilər. Hətta Gürcüstan hüquq-mühafizə orqanlarında işləyən adamları pulla satın alırdılar.

Bu adamlar xalqın sərvətlərini insanların rifahına xərcləməkdənsə, Gürcüstanda yaşayan bir jurnalistin izlənməsinə sərf edirdilər.

Həbsimdən əvvəl Amerikanın Səsi və digər beynəlxalq kütləvi informativa vasitələrinə mənim izlənilməyim və Azərbaycana təhvil verilməyimlə bağlı müsahibələrim var. Həmin müsahibələr Gözəl Bayramlının məhkəməsində də təsdiq olunub. Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin göndərdiyi məktublarda, raportlarda da açıq-aydın göstərilir ki, 2 il yarım müddət ərzində böyük bir dövlətin təhlükəsizlik xidməti kimi izləyib? Bir də azərbaycanlı jurnalisti. Ölüb yerə girmək lazımdır… Ölüb yerə girmək lazımdır.

Hakim: Yekunlaşdırdız? Yekunlaşdırdız?

Əfqan Muxtarlı: Yox, mən sabah səhərə kimi danışacam, böyük bir vaxtım var mənim. Qanunla məhdudlaşdırıla bilməzsiniz. Bu həbs, türmədə oturmaq, bunlar hamısı boş şeylərdi. Biz yazacağıq, həbsdə də yazacağıq, biz öna görə yazmırıq ki, Əliyevləri devirəcəyik, yazırıq və insanlara ümid veririk. Və bizim instalara verdiyimiz cmidi əlimizdən ala bilməzsiniz. Məni həbsxanaya atacaqsınız, başqası yazacaq.

Necə ki, Elmar Hüseynovu öldürdünüz, biz yazdıq, necə ki, Rafiq Tağını öldürdünüz, biz yazdıq, necə ki, Rasim Əliyevi öldürdünüz, biz yazdıq.  Dostum Mehman Qələndərlini öldürdünüz. Gürcüstanda mənimlə birlikdə aksiyalarda iştirak edən bloqqer. Kürdəxanı həbsxanasında vicdansızcasına öldürdünüz. Adamın qanını batırdınız. Mən onlara baxanda şanslı adamam.

Məni tutub Saqareco rayonunda bir yerə aparmışdılar. Gözümü açanda elə bildim öldürəcəklər. Dedim bıçaqla vurmayın, güllə ilə vurun. Öldürsəydilər də vecimə deyildi. Mən öldürülməmişəm Elmar Hüseynov kimi, şanslı adamam. Kürdəxanıda məni Mehman Qələndərov kimi öldürmədilər. Hələki şansım var və şanslarımı saxlayıram. Mübarizə davam edir.

Əfqan Muxtarlını tutmaq, öldürməklə və yaxud digər jurnalistləri öldürməklə bu xalqın haqq deyən səslərini boğa bilməzsiniz, cənab hakim. Çünki bu xalq qısır deyil. Kimlərsə hakim ailənin quludu, bu prokuror kimi, gəda kimi…

Hakim: Bir də belə eləsən dayandıracam çıxışını…

Əfqan Muxtarlı: Heç kəs həbsxanadan qorxmasın, həbsxanada da insular yaşayır. Əksinə, həbsxanada bizə hörmət çöldəkindən 10 dəfə artıqdı. Çünki içəridəki insanların hamısı haqsızlıqlarla üzləşən adamlardı. Onlar bilir içəridə, daha yaxşı başa düşürlər. Və inqilabi iş aparmaqdan ötrü, ölkədə dəyişiklik etməkdən ötrü böyük kütlə var. Həbsdə olan insanlar da bizim insanlarımızdır. Onların da yanında bizim adamlarımızdan olmalıdır və mən bu gun ordayam. Qapalı həbsxanaya salacaqlar orda davam etdirəcəm işimi. Nə türmələriniz, nə bıçaqlarınız, nə güllələriniz, nə bu prokuror kimi qullarınız…

Bu yerdə hakim Əfqan Muxtarlının sözünü kəsir və məhkəmənin müşavirəyə getdiyini elan edir.

Müşavirədən qayıdan məhkəmə heyəti Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməyi ilə bağlı məhkəmə qərarını oxuyub. 

Xatırlatma

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun