ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat Ben Cardin Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə bağlı ABŞ prezidenti Donald Trump-a məktub yazıb.
Senator Türkiyənin bu addım ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalar qanununu pozduğunu bildirib.
Sentyabrın 14-də göndərilən məktubda deyilir ki, ABŞ qanununa görə, Rusiya ordusu və ya kəşfiyyatı ilə hər hansı əhəmiyyətli pul köçürmə aparana qarşı sanksiya nəzərdə tutulur.
Türkiyənin Rusiya ilə həmin raket sazişi sentyabrın 12-də bağlanıb və qiyməti 2,5 milyard dollardır.
Tənqidlərlə bağlı Türkiyə prezidenti Erdoğan demişdi ki, NATO özünü günahlandırmalıdır, çünki Türkiyə bu raket sistemini NATO-dan istəyirdi, NATO isə Türkiyəyə raket sistemləri verməyi yubadırdı.
Erdoğanın sözçüsü İbrahim Kalin isə sentyabrın 14-də bildirmişdi ki, Türkiyənin Rusiyadan raket almağı Türkiyənin Qərblə əlaqələrinin qırılmağı demək deyil.