ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş meneceri təklif edib ki, rusiyalı milyarderi kampaniyanın gedişi barədə bilgiləndirsin. Medianın sentyabrın 20-də yazdığına görə, söhbət ötənilki seçki kampaniyası zamanı Kremllə sıx əlaqələri olan rusiyalı milyarderə informasiya ötürməkdən gedib.
YAZIŞMANIN APARILDIĞI TƏSDİQLƏNİB
«Ona şəxsi informasiya lazımdırsa, təşkil edərik», – Paul Manafort özüylə rusiyalı alüminium maqnatı Oleg Deripaska arasındakı vasitəçiyə elektron məktubunda yazıbmış.
Bu haqda informasiya yayan «The Washington Post» və «The Associated Press» onu da qeyd ediblər ki, Manafort-un sözçüsü e-mail yazışmalarını təsdiqləyib.
«The Post»un yazdığına görə, Manafort e-mail-i keçmiş işçisi, onunla Ukraynada siyasi konsultasiya sahəsində işləmiş Konstantin Kilimnik-ə göndərib.
Manafort Kilimnik-dən xahiş edib ki, təklifini Deripaska-ya çatdırsın. Ancaq qəzet təklifin Deripaska-ya çatdırılıb-çatdırılmadığı barədə məlumat olmadığını qeyd edir.
Bu e-mail Respublikaçıların Milli Qurultayından bir həftə öncə göndərilibmiş. Həmin qurultayda Trump partiyanın prezidentliyə namizədi kimi təsdiqlənib. O zaman Manafort Trump-ın seçki kampaniyasını idarə edirdi.
«ZİYANSIZ» YAZIŞMA
Media yazır ki, bu e-mail Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Mueller-ə təqdim olunan on minlərlə sənəddən yalnız biridir. Mueller və Konqresin bir neçə komitəsi Rusiyayla Trump-ın seçki kampaniyası arasında əlaqəni araşdırır.
Mueller-in ofisi məsələni şərh etməyib. Manafort-un sözçüsü Jason Maloni e-mail-in mövcudluğunu təsdiqləyib, amma «The Post»la AP-yə deyib ki, heç bir informasiya verilməyib.
Maloni bu yazışmanı «ziyansız» adlandırıb, deyib ki, bu, Manafort-un ona borclu müştərilərdən pul toplamaq cəhdinin bir hissəsi olub.
«The Post»un yazdığına görə, Manafort-la Kilimnik arasında elektron yazışmalarda, Manafort-un dediyi kimi, Şərqi Avropadakı keçmiş müştərilərinin ona borclu olduğu pul müzakirə edilib.
«Manafort 2014-cü ildə işini bitirəndən sonra keçmiş müştərilərinin ona borcu qalıb, bu, sirr deyil», – Maloni deyib.
AP HƏLƏ MARTDA YAZIRDI Kİ...
AP martda yazırdı ki, Manafort Trump-ın kampaniyasına qoşulmazdan öncə Deripaska üçün işləyib və Şərqi Avropada siyasi konsultasiya işiylə bağlı planlar təklif edib. O, həmin işin «Putin hökumətinə böyük fayda verəcəyini» söyləyib.
AP Deripaska-nın Putin-ə yaxın olduğunu da yazırdı. Deripaska mayda AP-ni böhtana görə ABŞ-da məhkəməyə verdi. Deripaska-nın sözçüsü «The Post»un sorğusuna cavab olaraq bildirib ki, e-mail-lə bağlı məlumatlar saxtadır. Kilimnik isə sorğunu cavablandırmayıb.
Rusiya ABŞ seçkisinə müdaxilə etmədiyini, Trump Rusiyayla heç bir gizli sövdələşməyə getmədiyini bildirib. Azadliq.org