Sentyabrın 7-də ABŞ prezidenti Donald Trump-ın böyük oğlu Senatın ədliyyə komitəsində qapalı ifadə verəcək.
Komitə Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.
Kiçik Donald Trump iyulda ifadə verməyə dəvət olunmuşdu, ancaq sonradan komitədə qapalı şəkildə ifadə verməsinə dair razılaşma əldə olundu.
Görüşdə əsas diqqətin Trump-ın ötən il iyunun 9-da keçirdiyi görüşə yönələcəyi gözlənir. Kiçik Trump onda Nyu-Yorkdakı "Trump Tower"də rusiyalı vəkil və lobbiçiylə görüşmüşdü. Görüşə Trump-ın kürəkəni Jaret Kushner və seçki kampaniyasının ozamankı sədri Paul Manafort da qatılmışdı.
Kiçik Trump-ın açıqladığı e-mail-lər göstərdi ki, o, həmin görüşə bir məqsədlə razılaşıb. Ona atasının rəqibi Hillary Clinton-a zərbə vuracaq informasiya vəd olunub.
Kiçik Trump ilin sonuna yaxın Senatın kəşfiyyat komitəsində də ifadə verməlidir.