Şirvan Apellyasiya Məhkəməsi ilahiyyatçının şikayətini təmin etməyib

Şirvan Apellyasiya Məhkəməsi ilahiyyatçının şikayətini təmin etməyib
25 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin Masallı rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən iclasda məhkəmə ilahiyyatçının şikayətini təmin etməyib.

Müdafiə tərəfinin fikrincə, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.

Vəkilin sözlərinə görə, bu gün Şirvan Apellyasiya Məhkəməsinə gedən bütün küçələr bağlanılıb.

"Əvvəlcə, biz müdafiəçiləri, Yalçın İmanov və məni də məhkəməyə buraxmırdılar. Sonra bizim iradlarımızdan sonra məhkəmə zalına ilahiyyatçının yalnız 5-6 qohumu buraxıldı", - deyə, vəkil qeyd edib.

Vəkillər etiraz əlaməti olaraq məhkəmədə çıxışdan imtina edib.

"Sərdar Babayev isə çıxışında ittihamın tam əsasız və həbsinin qanunsuz olduğunu bildirdi. O məhkəməyə həm dedi ki, onu bu ittihamla həbs etmələrindən çox şaddır", - deyə, vəkil bildirib.

Cavad Cavadov məhkəmənin vəkillərin hər hansı vəsatətini təmin etmədiyini bildirib:

"Sərdar Babayev bu ittihamı törətsəydi belə həbs ittihama adekvat deyil. Məhkəmə ən azı həbs müddətini azaltmalı idi. Bunu da etmədi".

Vəkillər kassasiya şikayəti verəcək.

Vəkillər sentyabrın 11-də keçirilən ilkin baxış iclasında Babayevin ev dustaqlığına buraxılması, ona ittiham verilmiş maddə ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi, apellyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılması (əlavə şahidlərin dindirilməsi) haqda vəsatətlər qaldırıb. Eyni zamanda Sərdar Babayevin müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi istənilib. Hakim vəsatətlərin heç birini təmin etməyib.

S.Babayev bu il fevralın 22-də saxlanılıb. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. Masallı rayon Məhkəməsinin hokmü ilə ilahiyyatçı 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda deyilir ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə icazə vermir.

İlhaiyyatçı ittihamı qəbul etmir, yerli hakimiyyət orqanlarının sifarişi ilə həbs edildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun