Rusiya bu gündən etibarən ölkə ərazisinə Türkiyədən iki adda kahı, bibər, qabaq (kabak) və balqabaq idxalına icazə verib.
"Report"un "Agroinvestor" saytına istinadən verdiyi məlumata görə, Rusiya Federal Fitosanitariya və Baytarlığa Nəzarət Xidməti Türkiyənin ancaq 9 müəssisəsinə ixrac əməliyyatlarını həyata keçirməyə icazə verib. Bu qərar may ayında qurumun nümayəndə heyətinin Türkiyəyə səfərinin nəticələrinə dair qəbul edilib.
Yuxarıda adı çəkilən tərəvəz məhsullarının idxalına qadağanın qoyulması 2016-cı ilin yazında Federal Xidmətin karantin obyektlərinin yoluxması hallarının aşkar edilməsindən sonra baş verib. Bundan başqa, Türkiyədən 2016-cı il martın 17-də nar, mayın 19-da isə badımcanın idxalına qadağa qoyulub. Bu qadağaların aradan qaldırılmasına dair hələlik heç bir məlumat yoxdur.
Eyni zamanda Türkiyənin pomidorlarına tətbiq edilən embarqo da qüvvədə qalır. Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyovun sözlərinə görə, bu məsələ hər iki tərəf üçün eyni dərəcədə həssasdır. Lakin rusiyalı nazir Türkiyə pomidorlarının tədarük imkanlarının reallaşacağını istisna da etmir: "Hər iki tərəfi qane edəcək ortaq məxrəci tapmaq lazımdır. Payızın sonunda mövsümü tərəvəzlər bitir və çatışmazlıq yaranır. Bunu isə yerli istixana tərəvəz istehsalçıları tam ödəyə bilmirlər. Biz isə onların idxalını bu və ya digər şəkildə Azərbaycan, Mərakeşdən də kompensasiya edirik".
Sentyabrın 14-də Türkiyədə kənd təsərrüfatı üzrə Rusiya ilə birgə icra komitəsinin ilk iclası keçiriləcək. Tədbirdə pomidorların Rusiyaya tədarükü məsələsi də müzakirə ediləcək.