Pakistanın insan haqları qrupu PakTürk özəl məktəblər şəbəkəsinin keçmiş direktoru Mesut Kaçmazın dərhal azad edilməsini tələb edib.
Pakistanın İnsan Haqları Komissiyası bildirib ki, 20 silahlı şəxs sentyabrın 28-də Kaçmazı və onun iki qızını Lahor regionunda öz evindən götürüb, aparıb.
Qrupun məlumatına görə, Kaçmaz Pakistanda BMT-nin siyasi sığınacaq axtaran şəxs sənədi ilə yaşayır.
Qrup tələb edir ki, Kaçmaz ölkədən deportasiya olunmasın.
Qrupun bəyanatında bildirilir ki, son vaxtlar türk müəllimlərin Türkiyəyə qayıdan kimi həbs olunması və işgəncələrə məruz qalması haqda mötəbər məlumatlar var.
2016-cı ilin noyabrında Türkiyə prezidenti Erdoğanın səfərindən sonra Pakistan PakTürk məktəblərində dərs deyən onlarla türk müəllimi deportasiya etdi.
Türkiyə hakimiyyəti hesab edir ki, PakTürk məktəbləri ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənlə bağlıdır.