Moskva ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun bu ölkənin qərarı ilə bağlanmasına reaksiya verəcək.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Biz bu barədə ətraflı notanı dünən almışıq, bununla məşğuluq. Təhlili başa çatdırdıqdan sonra reaksiya verəcəyik”, - deyə nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.
Avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.