Rusiya hakimiyyəti Aleksei Navalny-nın seçki kampaniyasına müxtəlif vasitələrlə mane olmağa davam edir.
Bu barədə Rusiya müxalifətinin lideri Aleksei Navalny özü deyib.
O bildirib ki, Sankt-Peterburq hakimiyyəti onun oktyabrın 7-də şəhər mərkəzində keçirmək istədiyi görüşə icazə vermir.
Sentyabrın 27-də Navalny vebsaytında yazıb ki, şəhər rəsmiləri onun ancaq şəhər kənarında görüşünə icazə verirlər, ancaq həmin yerlər böyük toplantılara uyğun deyil.
Navalny özünə qarşı rəsmi ittihamların mövcudluğuna baxmayaraq, prezidentliyə namizədliyini elan edib.
"TƏXRİBATÇILAR"
Şəhərin hüquq və asayiş komitəsinin təmsilçisi Andrei Krasnov "Exo Moskvı" radiostansiyasına deyib ki, Navalny-nin tərəfdarları "təxribatçılar"dır və şəhər mərkəzində görüşmələrinə ehtiyac yoxdur.
Navalny şəhər mərkəzində – Mars çölündə görüş üçün bir daha müraciət edəcəyini söyləyib. O deyib ki, bu müraciətə imtina alsa, görüşü şəhərin Saray Meydanında keçirəcək. Navalny meydanda "dinc yürüş" təşkil edəcəyini vurğulayıb.
"Bütün peterburqluları dəvət edirəm. Ya Mars, ya da Sarayda. Buna şəhər administrasiyası qərar verəcək", – Navalny yazıb.
Müxalifət lideri tərəfdarlarından plana dəstək verib-vermədiklərini də soruşub. Plana qarışıq reaksiya verilib, sentyabrın 28-də səhərədək 1431 reaksiya gəlib.
HAKİMİYYƏTİN ƏNDİŞƏSİ
Navalny ötən il elan edib ki, 2018-ci ilin martında prezident seçkisinə gedəcək. O vaxtdan Rusiyanın müxtəlif regionlarında 60-dan çox kampaniya ofisi açıb.
Ancaq Rusiyanın Mərkəzi Seçki Komissiyası iyunda bildirib ki, Navalny-yə maliyyə ittihamları var. Müxalifət lideri isə bu ittihamları siyasi motivli adlandırır.
"Human Rights Watch" insan haqları təşkilatı bu ayın əvvəlində yaydığı bəyanatda bildirib ki, Rusiya hakimiyyəti "sistematik olaraq" Navalny-nin prezidentliyə namizəd olmaq cəhdlərini əngəlləyir, onun ofislərinə basqın edir, kampaniyasına qoşulan könüllüləri saxlayır, "kampaniyaya əsaslandırılmamış müdaxilələr sayılan digər hərəkətlər gerçəkləşdirir".
Rusiya prezidenti Vladimir Putin hələlik namizədliyini verəcəyini açıqlamayıb. Ancaq onun dördüncü müddətə prezidentlik postuna iddia edəcəyinə çoxunda şübhə yoxdur.
Kreml Navalny-nı məhkum, marginal siyasi fiqur adlandırır. O, 2013-cü ildə Moskvada mer seçkilərində səslərin 27 faizini toplayaraq ikinci yeri tutub.