Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zemfira Məmmədova bacısına yoldaşını həbsdən azad etdirmək üçün 10 min manat verdiyini deyib: "Bacım dedi ki, ərimi azad etdirmək üçün bu pulu bəzi şəxslərə verəcək. Amma sonradan məlum oldu ki, pulu alıb, vədlərinə əməl etmədilər". Zərərçəkmiş deyib ki, bacısı pulu Ceyhun İbayevə verib. Prosesdə digər zərərçəkmiş şəxslər də dindirilib. Təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.