İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib.
Abzas.net xəbər verir ki, İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 7 nəfər həlak olub.
"Opel" və "Toyota Prado" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən 7 nəfərdən 3-ü uşaq olub.
"Opel Zafira" markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, onun qızları - 1998-ci il təvəllüdlü Rufanə, 2001-ci il təvəllüdlü Turanə, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun oğlanları - 2003-cü il təvəllüdlü Sahib və 2006-cı il təvəllüdlü Cavid aldıqları xəsarətdən hadisə yerində ölüblər.
"Toyota Prado" nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.