İraq parlamenti keçirilməsi planlaşdırılan Kürdüstan müstəqilliyi referendumunu rədd edib və baş nazir Haidar al-Abadiyə “ölkənin birliyinin qorunması və İraqdakı kürd liderlərlə ciddi dialoq aparılması” üçün tam səlahiyyət verib.
Kürd millət vəkilləri sentyabrın 12-də İraq parlamentində sözü gedən səsvermədən əvvəl etiraz əlaməti olaraq iclası tərk ediblər.
Bu səvermədən sonra İraq kürdlərinin lideri Masud Barzani sentyabrın 25-ə planlaşdırılmış referendumun keçiriləcəyini bir daha bəyan edib.
O deyib ki, “Bağdadla dialoq yalnız referendumdam sonra baş verə bilər”.
İraq kürdlərinin müstəqillik referendumunun keçirilməsinə Türkiyə və İran da etiraz edirlər. Tehran və Ankara belə bir müstəqilliyin onların öz etnik kürd əhalisinə qızışdırıcı təsir göstərəcəyindən narahatdırlar.
Onsuz da kövrək olan Bağdad hökumətinin daha da zəifləyəcəyindən narahat olan ABŞ və Avropa İttifaqı da kürd müstəqillik referendumunun əleyhinə çıxış edirlər.
Hətta 5, 5 milyonluq kürd əhalisi arasında bir çoxları da referendumun İslam Dövləti adlanan təşkilata qarşı mübarizəyə zərbə vura biləcəyindən narahat olduqlarını bildirirlər.
Lakin Barzani deyib ki, “referendum zəruridir, çünki kürd hüquqlarının qorunmasının bütün başqa vasitələri iflasa uğrayıb”.
İraqın şimalındakı Kürdüstan regionuna muxtariyyət 2005-ci ildə verilib.