Birləşmiş Ştatlat İranda ruhani lider Məhəmməd Əli Taherinin ölüm cəzasına məhkum edilməsindən “dərin narahatlıq” ifadə edib və hakimiyyəti bu qərarı dəyişməyə çağırıb.
Dövlət Departamentinin sentyabrın 1-də verdiyi bəyanatda deyilir ki, dini təriqət yaratmaq və “Yer üzündə küfrü yaymaq” kimi ittihamlar Tehranın insan haqları və ifadə azadlığına hörmətə dair beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Bəyanatda deyilir ki, ölüm hökmü yalnız ən ağır cinayətlərə görə çıxarıla bilər.
Dövlət Departamentinin bəyanatında bu da qeyd olunur ki, Birləşmiş Ştatlar Taherinin bir neçə yoldaşının da eyni “sual doğuran ittihamlarla” həbs olunmasından narahatdır.
İran məhkəməsi Taherini avqust ayında artıq ikinci dəfə ölüm cəzasına məhkum edib. İki il əvvəl çıxarılmış birinci ölüm hökmü apellyasiya nəticəsi olaraq ləğv edilmişdi.
Taherinin vəkili Mahmud Əlizadə Təbatəbayi avqustun 27-də deyib ki, Taheri “Yer üzündə küfrü yaymaq” və “İrfan həlqəsi” adlı seyriyyat təriqətini yaratmaqda ittiham edilir.
Təbatəbayi deyib ki, bu hökmdən 20 gün ərzində apellyasiya şikayəti verəcək. O ümid etdiyini bildirib ki, Ali Məhkəmə bu hökmü ləğv edəcək.
Taherinin ailəsi bidlirib ki, təriqət başçısı həbsxanada incidilib və təzyiq altında videomüraciət etməyə məcbur edilib.
61 yaşlı Taheri İranda populyar ekstrasens kimi tanınır və onun qrupu kainatın mistik qavranmasını təbliğ edir.
Ona bir müddət İranda açıq şəkildə fəaliyyət göstərmək imkanı verilib, lakin ölkənin ali rəhbəri “saxta sehriyyatçılığın ziyanı və onun insanları İslamdan sapındırmasını” tənqid etdikdən sonra Taheriyə qarşı təzyiqlər artıb.
Taheri ilk dəfə 2010-cu ildə həbs edilib və 2011-ci ildən Tehranın Evin həbsxanasında saxlanır. Məhkəmə onu küfr ittihamı ilə beş il müddətinə azadlıqdan məhruim etmişdi.
Eyni ittihamlarla 2015-ci ildə onun barəsində artıq ölüm hökmü çıxarılmışdı.
Taheri təriqətinin üzvlərindən bir çoxu, xüsusilə də İsfahan ətrafında olanlar həbs edilib.
Taherinin bir sıra kitabları İranda çap olunub. Bunlar “Kainatın sehri”, “İnsana fərqli nəzər”, “İnsana baxış”, “İnsan və bilik” kitablarıdır.