ABŞ-ın federal agentlikləri "Kaspersky" proqramından istifadəni dayandırıb

ABŞ-ın federal agentlikləri "Kaspersky" proqramından istifadəni dayandırıb
15 Sentyabr 2017
Mətni dəyiş

ABŞ rəhbərliyi sentyabrın 13-dən federal agentliklərdə Rusiyanın "Kaspersky Lab" antivirus proqramından istifadəni dayandırıb.

Səbəb bu şirkətin dövlət səviyyəsində kibercasusluq fəaliyyətinə bağlılığı sarıdan narahatlıqdır.

Bu haqda “The Washington Post” qəzeti yazır.

Məlumata görə, daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Elaine Duke federal agentliklərə göndərdiyi təlimatda bildirir ki, şəbəkələrində 'Kaspersky Lab' proqramının olub-olmamasını müəyyənləşdirsinlər. 90 gündən sonra, başqa göstəriş gəlməsə, proqram silinməlidir. Bu şirkətin Rusiya hökumətinə bağlı olduğu və proqramın təhlükəsizlik riski yaratdığı bildirilir.

DEPARTAMENTİN NARAHATLIĞI

Daxili Təhlükəsizlik Departamenti “'Kaspersky'nin bəzi rəsmiləri və Rusiyanın kəşfiyyat və digər agentlikləri arasında əlaqələrin olmasından narahatdır”, – departament bildirir və vurğulayır ki, Rusiya hökumətinin özbaşına, yaxud 'Kaspersky' ilə əməkdaşlıq vasitəsiylə ABŞ milli təhlükəsizliyinə birbaşa dəxli olan informasiya sistemlərinə risk yarada bilər.

Bir neçə ay öncə federal Baş Xidmətlər Administrasiyası 'Kaspersky'ni təsdiqlənmiş satıcılar siyahısından çıxarıb. Qurum bu addımını belə əsaslandırıb ki, 'Kaspersky' qoruduğu sistemlərə Kremlə giriş verə bilər.

'Kaspersky' şirkətisə çərşənbə günü bildirib ki, “hökumətlə qeyri-korrekt münasibətləri yoxdur, bu səbəbdən indiyədək heç bir şəxs, yaxud qurum şirkətə qarşı saxta iddiaları əsaslandıracaq hər hansı etibarlı dəlil yaya bilməyib”.

90 GÜN VAXT QOYULUB

'Kaspersky Lab' dünyada heç bir hökumətə kibercasusluq, yaxud kiber hücum cəhdində heç vaxt kömək etməyib və etməyəcək də. Bunu vurğulayan şirkət ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti ilə işləməyə ümid bəslədiyini dilə gətirib.

Departament 'Kaspersky'yə 90 gün vaxt verib ki, məhsullarının təhlükəsizlik riski törətmədiyini sübuta yetirsin.

Bu arada ABŞ-ın kəşfiyyat agentlikləri Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır. ABŞ rəsmilərinin sözlərinə görə, azı 6 federal agentlik şəbəkələrində 'Kaspersky'-dən yararlanır, ancaq elə şəbəkələr də ola bilər ki, baş informasiya təhlükəsizliyi rəsmisi bu proqramın onlarda mövcudluğundan bixəbər olsun.

Bu sərəncam mülki hökumət şəbəkələrinə aiddir. Milli Təhlükəsizlik Agentliyinin daxil olduğu Müdafiə Departamenti 'Kaspersky' proqramından istifadə etmir.

SON İKİ İLDƏ ALINMIŞ PROQRAMLAR VAR

Qəzet yazır ki, bu addım ştat və yerli administrasiyalara da təzyiqi artıra bilər. 'Kaspersky' məhsullarından istifadə edənlər artıq təhlükəsizlik riski barədə düşünməyə başlayıblar. “The Washington Post” iyulda üzə çıxarmışdı ki, bir neçə ştat və yerli agentliklər 'Kaspersky'-nin antivirus proqramını son iki il ərzində əldə ediblər.

ABŞ kəşfiyyatı uzun müddətdir 'Kaspersky'-inin Rusiya hökumətiylə əlaqələrindən şübhələnir. Şirkətin təsisçisi Eugene Kaspersky KGB-nin dəstəklədiyi kriptoqrafiya məktəbini bitirib və Rusiya hərbi kəşfiyyatında işləyib.

Daxili Təhlükəsizlik Departamentinin addımını alqışlayanlar çoxdur. Senator Jeanne Shaheen deyib ki, bu, “milli təhlükəsizliyimizin təkmilləşdirilməsi yönündə vacib addımdır”. O, 2018-ci ilin Milli Müdafiə Aktına dəyişiklik təklif edir, Müdafiə Departamenti və bütün hökumətdə 'Kaspersky' məhsullarından istifadənin yasaqlanmasını istəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun