Meksika hökuməti ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika XİN-in bəyanatında bildirilir.
“Meksikanın mövqeyi dəyişməz olaraq qalır. Meksika hökuməti heç bir zaman ABŞ-la sərhəddə çəkilən divar və yaxud hər hansı səddin tikinti xərclərini ödəməyəcək. Bu qəti mövqe ölkəmizin suverenlik və milli ləyaqət prinsipinə cavab verir”, bəyanatda vurğulanıb.
Ötən gün ABŞ prezidenti Donald Tramp Meksikada cinayətkarlıq səviyyəsinin yüksək olduğunu, bu ölkə ilə sərhəddə divarın çəkilməsinin vacibliyini vurğulayıb.
Ötən il D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini qeyd etmişdi. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.