CNN telekanalı Ağ Evin çoxsaylı rəsmilərindən alınmış məlumat əsasında xəbər verir ki, prezident Donald Trump özünün baş strateqi Steve Bannon-u vəzifəsindən azad edib.
CNN-nin mənbələri bidliriblər ki, Bannon-un vəzifədən uzaqlaşdırılması prosesi artıq iki həftəyə yaxın davam edirmiş. Mənbələrdən birinin dediyinə görə, Bannon-a öz xahişi ilə istefa vermək təklifi edilmişdi, lakin göründüyü kimi o postundan prezidentin sərəncamı ilə azad edilib.
Ağ Evin mətbuat katibi Sarah Huckabee Sanders Bannon-un işdən getməsini təsdiq edib, lakin bildirib ki, bu, qarşılıqlı anlaşma əsasında baş verib.
"Ağ Ev administrasiyasının rəhbəri John Kelly və Steve Bannon qarşılıqlı razılığa gəliblər ki, bu gün Steve-in sonuncu iş günü olacaq” – deyib mətbuat katibi.
CNN-nin məlumatında bildirilir ki, prezident son vaxtlarda Bannon-la bağlı əsəbilik keçirirdi və bunu hətta istirahət etdiyi Nyu Cersidən də büruzə vermişdi.
Trump-ı Bannon-un American Prospect jurnalına verdiyi müsahibə də əsəbiləşdirmişdi. Bu müsahibədə baş strateq Şimali Koreya ilə bağlı prezidentdən fərqli fikir ifadə etmişdi. O habelə bildirmişdi ki, Dövlət Departamentində bir sıra dəyişikliklərə nail olub.
Bannon-un gedişi Trump-ın Ağ Evə gəlişindən 7 ay sonraya təsadüf edir. Üç həftə bundan əvvəl isə general Kelly administrasiyanın rəhbəri təyin edilmişdi. Onun ümdə vəzifəsi Ağ Evdə daxili çəkişmələrin yaratdığı xaosa son qoymaq idi.
Şərhçilərin fikrincə, Bannon-un gedişi o deməkdir ki, Trump-ın “millətçi” ideologiyasının hərəkətverici qüvvəsi kimi qəbul edilən şəxs bundan sonra prezident çevrəsində olmayacaq.
Bannon Trump-ın kampaniyasına ötən il kənardan gətirilmiş, amma sonradan birinci simaya çevrilə bilmişdi.
Müşahidəçilər diqqəti belə bir məqama çəkirdilər ki, Bannon prezidentin “işgüzar məzuniyyətinin” birinci həftəsində onu Nyu Cersiyə müşayiət etməyib.
Ağ Ev rəsmilərindən biri CNN-ə bildirib ki, Bannon-un işdən çıxarılması iki həftə bundan əvvəl baş verməliydi, lakin sonradan təxirə salınmışdı.
Şərhçilərin fikrincə, indi başlıca sual Bannon-un Ağ Evdən kənarda Trump-ın müttəfiqi olaraq qalacağı, yoxsa əksinə düşmən mövqe tutacağı barədədir.
Belə güman edilir ki, Bannon indi özünün keçmiş iş yerinə, ifrat sağçı Breitbart xəbər portalının başçısı vəzifəsinə qayıdacaq.
Ağ Evdə Bannon-un prezidentin başqa, daha mötədil müşavirləri ilə kəllələşdiyi barədə məlumatlar vardı. Bannon onları “qlobalist” adlandırırdı. O Trump-ın kürəkəni Jared Kushner-lə də yola getmirdi.