Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri vəzifəsinə namizədlərin sayı 5-ə çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan parlamentinin keçmiş sədri David Usupaşvilinin Quruculuq Hərəkatı Partiyası paytaxt meri vəzifəsinə namizədini təqdim edib. Partiya iqtisadçı Tenqiz Şerqelaşvilinin namizədliyini irəli sürüb. Təqdimat mərasimində çıxış edən D. Usupaşvili deyib ki, rəhbərlik etdiyi partiya yerli idarəetmə orqanlarına seçkilərdə öz sözünü deyəcək.
Bu vaxta qədər Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Yelene Xoştariyanın namizədliyini irəli sürüb. Seçkilərdə müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq.
Seçkilər cari ilin oktyabrında keçiriləcək.