Suriyadakı İŞİD yaraqlılarının sayı 9 mindən çoxdur.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi, general-polkovnik İqor Korobov "Ordu-2017" forumu çərçivəsində keçirilən dəyirmi masada bildirib.
"Hesablamalarımıza görə, Suriyada İŞİD yaraqlılarının sayı 9 mindən çoxdur. Hazırda onlar Suriyanın mərkəzində və ölkənin İraqla həmsərhəd şərq bölgəsində, əsasən, Fərat çayı boyunca cəmləşiblər", - İ.Korobov vurğulayıb.
Onun sözlərinə görə, İŞİD liderləri Suriya ərazisindən Yaxın və Orta Şərqə və dünyanın digər bölgələrinə keçid üçün istifadə edirlər.
"Bununla əlaqədar sahə komandirlərinə ələ keçirdikləri bölgələri, ilk növbədə Suriyanın şərqindəki neft yataqları olan zonanı, eləcə də yaraqlıların və yüklərin İraqdan Suriyaya və əks marşrutla çatdırıldığı əsas nəqliyyat magistrallarını nəyin bahasına olur-olsun qoruyub saxlamaq tapşırılıb", - İ.Korobov əlavə edib.