Rohani ABŞ-ı İranın nüvə sazişindən çıxacağı ilə hədələdi

Rohani ABŞ-ı İranın nüvə sazişindən çıxacağı ilə hədələdi
15 Avqust 2017
Mətni dəyiş

Birləşmiş Ştatlar “sanksiyalar və təzyiq siyasətini” davam etdirərsə, İran altı ölkəylə imzaladığı nüvə sazişindən asanlıqla çıxa bilər.

Bunu İran prezidenti Hassan Rouhani avqustun 15-də deyib.

“DAHA GÜCLÜ QAYIDACAĞIQ”

Rohani televiziya çıxışında deputatlara deyib ki, “sanksiyalar və təzyiqlər siyasətinin alınmaması əvvəlki administrasiyaları danışıqlar masasına gətirib”.

“Yenidən həmin təcrübəyə qayıtmaq istəyirlərsə, çox qısa müddət ərzində – həftələr, yaxud aylar deyil, bir neçə saata və günə biz öncəki durumumuza daha güclü qayıdacağıq”, – Rohani söyləyib.

İran prezidentinin sözlərinə görə, ABŞ prezidenti Donald Trump administrasiyası dünyaya göstərib ki, “yaxşı tərəfdaş deyillər”. Trump 2015-ci il nüvə razılaşmanı cırmaqla hədələmişdi.

“Son aylar dünya şahid oldu ki, ABŞ nüvə sazişi çərçivəsində vədlərini davamlı və dəfələrlə pozub, həmçinin bir sıra digər qlobal razılaşmaları da gözardı edib. Bununla müttəfiqlərinə özünün nə yaxşı tərəfdaş, nə də etibarlı danışıq tərəfdaşı olduğunu göstərib”, – Rohani parlamentə deyib.

XATIRLATMA

Trump avqustun 10-da bir daha İranın nüvə sazişinin “ruhuna əməl etmədiyini” dilə gətirib, sazişi “qorxulu razılaşma” adlandırıb.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutub.

ABŞ və BMT nəzarətçiləri isə İranın sazişə əməl etdiyini üzə çıxarıb.

Di gəl, ABŞ liderləri Tehranı razılaşmanın ruhuna əməl etməməkdə suçlayırlar. Buna əsas kimi İranın ballistik raketləri, nüvə başlıqları daşıya bilən raketləri sınaqdan keçirməsini göstərirlər.

Birləşmiş Ştatlar həmin sınaqlara görə Tehrana bir sıra sanksiyalar qoyub.

İran isə sınaqların müdafiə məqsədiylə keçirildiyini, razılaşmanı pozmadığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun