Prezident Donald Trump seçki kampaniyası vaxtı oğlunun rusiyalı vəkillə görüşü barədə verdiyi bəyanatı şəxsən diktə edib, ABŞ mediası xəbər verir.
Bu barədə məlumat yayan ABC News kanalı iddianın "iki yüksək rütbəli mənbə" tərəfindən təsdiqləndiyini bildirir.
Bəyanatda deyilirdi ki, ötən ilin iyul ayında yer alan görüş vaxtı əsasən rusiyalı uşaqların övladlığa götürülməsi müzakirə olunmuşdu.
Oğul Trump daha sonra etiraf etdi ki, o, görüşə Hillary Clinton barədə zərərverici materialların təgdim olunacağı deyiləndən sonra razılığını vermişdi.
Ötən ilki prezident seçkilərinə Rusiyanın iddia edilən müdaxiləsi Senat və Nümayəndələr Palatası tərəfindən araşdırılır.
Prezident Trump Rusiya ilə sövdələşmə barədə iddiaları daima rədd edib.
Prezidentin oğlu - Donald Trump, kürəkəni Jared Kushner və seçki kampaniyasının rəhbəri Paul Manafort rusiyalı vəkil Natalia Veselnitskaya ilə New York-dakı Trump Tower binasında görüşüblər.
Oğul Trump-ın paylaşdığı emaillərdə bu görüşün Emin Ağalarovun xahişi ilə onun britaniyalı musiqi agenti Rob Goldstone-nun təşkil etdiyi iddia olunub.
Emin Ağalarov bu mövzu barədə mətbuata və BBC-ə şərh verməyib, təkcə onun vəkili cənab Goldstone-un emaillərdə yalan dediyini və "çaşdığını" bildirib.
Rusiya vəkililə görüş barədə xəbərlər Ağ Evin kommunikasiya direktorunun vəzifədən çıxarılmasına təsadüf edir.
Nə prezident Trump nə də ki, onun oğlu son xəbərlələrə münasibət bildirməyib.
Rusiya dəfələrlə ABŞ prezident seçkilərinə müdaxilə etməsi barədə məlumatları inkar edib.