ABŞ Andrew Sheffer-in ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmasını alqışlayır.
"VOA"-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert-in bəyanatında bildirilir.
Bəyanatda vurğulanır ki, Andrew Sheffer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir.
"ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.
A.Sheffer-in təyinatı barədə qərar Azərbaycan və Ermənistan hökumətlərinə göndərilib. Bununla da, o, rəsmi olaraq vəzifəsinin icrasına başlamış sayılır.
Bu təyinatdan əvvəl Andrew Sheffer ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlarda müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2015-ci ilin avqustundan 2017-ci ilə qədər o, missiyanın sözçüsünün müavini olub. Buna qədər diplomat 2914-cü ilin avqustundan 2015-ci ilə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə müşavir kimi çalışıb. 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirinin müavini olub, ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində işləyib.
Vaşinqtonda isə Dövlət Departamentinin İraq üzrə bölməsində çalışıb, dövlət katibinin müavinin siyasi məsələlər üzrə köməkçisi olub.