Venesuela prezidenti Nicolas Maduro Rusiya ilə Vatikanı ABŞ-ın “hərbi təhlükəsinə” qarşı mübarizədə köməyə çağırıb.
Bu barədə “Assosiated Press” məlumat verib.
Məlumata görə Maduro deyib ki, Rusiya prezidenti Vladimir Putin-lə görüşmək üçün tezliklə Moskvaya yollanacaq.
Vatikanın elçisi bu günlərdə Moskvada səfərdə olub və Moskvanı Venesuelada gərginliyin azalmasına kömək etməyə çağırıb.
Artıq bir neçə aydır ki, Maduro hakimiyyəti ölkədə kütləvi etirazlarla üzləşib.
Bu müddət ərzində polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 100-dən çox adam ölüb.
Ölkə hazırda iqtisadi böhran dövrünü yaşayır, ərzaq və dəva-dərman qıtlığı yaranıb,milli valyuta məzənnədən düşür.
“Mən papadan ABŞ-ın hərbi təhlükəsinə qarşı kömək istəyirəm” - Maduro Karakasda keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, ABŞ prezidenti Donald Trump-ın bu yaxınlarda Venesueladakı vəziyyətə mümkün hərbi müdaxiləyə baxılması ilə bağlı bəyanatından sonra ehtiyat edir.
Maduro deyib ki, ABŞ-ın mümkün hərbi müdaxiləsini dəf etmək üçün Rusiya ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsini davam etdirmək fikrindədir.
Məlumata görə, Rusiya bu yaxınlarda Venesuelaya qırıcı təyyarələr və raketlər satıb.