Macarıstan Hollandiyadakı səfirini müzakirələr üçün geri çağırıb və bu ölkədə olan diplomatik nümayəndiliyin səviyyəsini müvəqqəti olaraq aşağı endirib.
Abzas.net xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siarto məlumat verib.
İki ölkə arasında münasibətlərrin gərginləşməsinə və diplomatik əlaqələrin aşağı səviyyəyə endirilməsinə səbəb, Hollandiyanın Macarıstandakı səfiri Qaus Sheltem-in macar KİV-inə müsahibəsində Macarıstan hakimiyyətini terrorçulara bənzətməsidir.
Belə ki, Sheltem Macarıstan rəhbərliyini terrorçularla müqayisə edib.
"İslamçı ekstremistlər, düşmən obrazı yaradarkən eynən Macarıstan rəhbərliyinin tətbiq etdiyi prinsiplərdən istifadə edirlər", - deyə səfir bildirib.
Bununla əlaqədar olaraq Macarıstan XİN rəhbəri Siarto bu səfirin bir daha Macarıstan Xarici İşlər Nazirliyində görünməməsini tələb edib. Nazirin sözlərinə görə, iki ölkə arasında bir müddət səfir səviyyəsində əlaqələr olmayacaq.
"Heç kəsin Macarıstan və macar xalqına qarşı belə iradlar bildirməyə haqqı yoxdur", - deyə nazir bildirib.