İsrailin Ətraf Mühitin Mühafizəsi, həmçinin Qüds Məsələsi və İrs naziri Zeev Elkin Knessetin qondarma "erməni soyqırımı"nı tanıması ehtimalının az olduğunu bildirib.
"Report" xəbər verir ki, israilli məmur bu fikri "İnterfaks-Ukrayna"ya müsahibəsində Ukrayna Qolodomorunun (aclıq - red.) soyqırımı kimi tanınması ehtimalı barədə sualı cavablandırarkən bildirib.
"Qolodomor, habelə müxtəlif xalqların tarixində yaşanmış digər ağır faciəli hadisələr barədə hansısa qərarın qəbul olunacağını düşünmürəm. Çünki bu, bizim parlamentin ənənəsinə uyğun deyil. Parlamentimizdə bir qayda olaraq, bu cür bəyanatlar qəbul edilmir", - Z.Elkin vurğulayıb.
Onun sözlərinə görə, qondarma "erməni soyqırımı"nın tanınması məsələsi Knessetdə bir neçə dəfə müzakirə olunub, lakin qəti qərar qəbul edilməyib.
"İsrail parlemanti hesab edir ki, keçmişin məsələləri siyasətçilər yox, peşəkarlar tərəfindən həll edilməlidir", - Z.Elkin deyib.