BMT rəhbəri Antonio Guterres avqustun 10-da bildirib ki, insan qaçaqçılarının Yəmən yaxınlığında 300-dən çox miqrantı qayıqlardan itələməsindən «dərin kədər» hissi keçirir.
İnsidentlər zamanı azı 56 miqrant batıb, onlarla itkin düşən var.
Avqustun 10-da qaçaqçılar patrul gəmilərini görən kimi 180 miqrantı qayıqlardan itələyiblər. Həmin miqrantlar, əsasən, Efiopiya və Somalidən idi. Bir gün öncə 120-dən çox miqrantın başına eyni iş gəlib.
Rəsmilərin bildirməsinə görə, əsasən gənclər olan miqrantlar Körfəz ölkələrinə iş dalınca gedirdilər.
Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, insidentlər miqrantların «qəsdən batırılması» deməkdir. Onlardan bəzilərini Yəmən sahillərində ölü, yaxud da sağ tapıblar.
Guterres-in sözçüsü Stephane Dujarric deyib ki, o, davam edən faciədən çox kədərlənib. BMT rəhbəri insan qaçaqçılarına qarşı beynəlxalq tədbirlər görməyə, eləcə də miqrantlar üçün hüquqi yol açmağa çağırıb.
Yanvardan bəri Afrikanın şimal-şərqindən 55 min miqrantın Yəmənə getdiyi bildirilir. Onlar ölkələrindəki quraqlıq və iğtişaşlardan qaçırlar.