Gürcüstan səfirliyi Rusiya-Gürcüstan müharibəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

Gürcüstan səfirliyi Rusiya-Gürcüstan müharibəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb
8 Avqust 2017
Mətni dəyiş

“2008-ci ilin avqust müharibəsindən 9 il ötməsinə baxmayaraq, Rusiya 12 avqust tarixli atəşkəs razılaşmasını hələ də pozur, suveren ölkənin ayrılmaz hissələrinin faktiki ilhaqını və işğalını davam etdirir”.

APA-nın məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin 2008-ci il avqustun 8-də baş vermiş Rusiya-Gürcüstan müharibəsinin ildönümü ilə əlaqədar bəyanatında deyilir.

Bildirilir ki, Abxaziya və Sxinvali regionları qanunsuz olaraq Rusiyanın hərbi, siyasi,  iqtisadi və sosial sisteminə inteqrasiya edilib: “Təmas xəttində insanlar qanunsuz olaraq həbs edilir və oğurlanır, eyni zamanda insanların sərbəst hərəkət etmə, onların evlərinə və ya təsərrüfat sahələrinə getmələri məhdudlaşdırılır. Bu vəziyyət Abxaziyada 4 qondarma keçid məntəqəsinin bağlanması ilə daha da kəskinləşib. İşğal olunmuş ərazilərdə yaşayan gürcülərə qarşı etnik ayrı-seçkilik və onların fundamental hüquq və azadlıqlarının pozulması davam edir. Yüz minlərlə insan yaşadığı evdən qovulub və orada qalan gürcülər evlərində qonaq kimi saxlanılır”.

Qeyd olunur ki, Rusiyanın təxribatçı addımlarına baxmayaraq, Gürcüstan hökuməti sülh siyasətini davam etdirir, diplomatik və danışıqlar yolu ilə sülhə nail olmağa çalışır: “Rasional və sülh siyasəti nəticəsində Gürcüstan sosial və demokratik inkişafını davamlı edib, öz nəzarətində olan ərazilərdə sülh və stabilliyə nail olub, Avropa və Avro-Atlantik inteqrasiyada irəliləyiş əldə edib. Gürcüstan tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların onun suverenliyi və ərazi bütövlüyünə dair qətiyyətli dəstəyini yüksək qiymətləndirir, 9 il davam edən münaqişədən sonra Gürcüstan yenə də beynəlxalq ictimaiyyəti Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirməyə çağırır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun