"Dünyanın ən yaşamalı şəhəri" adını 7 ildir ki eyni şəhər qazanır

"Dünyanın ən yaşamalı şəhəri" adını 7 ildir ki eyni şəhər qazanır
17 Avqust 2017
Mətni dəyiş

Artıq yeddinci ildir Avstraliyanın Melburn şəhəri dünyanın ən yaşamalı şəhəri seçilir. «The Economist Intelligence Unit»in 140 şəhər arasında keçirdiyi sorğuya görə, Avstriyanın paytaxtı Vyana ikinci yerdədir.

Əslində ilk iki şəhəri 0.1 faiz ayırır. Kanadanın Vankuver və Toronto şəhərləri isə Melburndan 0.2 və 0.3 faiz göstəriciylə geri qalmaqla 3-cü və 4-cü yerləri tutublar. Kanadanın Kalqari şəhəri isə Avstraliyanın Adelaida şəhəri ilə birlikdə beşinci yeri paylaşır.

FAKTORLAR

İlk beşlik dəyişməyib. Ancaq son bir neçə ildə dünyada sabitsizlik artıb və bir çox şəhərlərin reytinqi dəyişib. Avropada şəhərlərin reytinqinə regiona terrorçuluq təhlükəsi təsirini göstərib. Eyni zamanda, İslandiyanın paytaxtı Reykyavik və Niderlandın paytaxtı Amsterdamda mədəni məşğulluğun artması, cinayət göstəricilərinin azalması onlarda yaşayış şəraitini yaxşılaşdırıb.

Qurum Avstraliya, Banqladeş, Belçika, Fransa, Pakistan, İsveç, Türkiyə, Böyük Britaniya və Birləşmiş Ştatlarda teraktların artdığını, bunun yeni fenomen olmasa da, terrorçuluğun tezliyinin və yayılmasının nəzərəçarpacaq dərəcədə yüksəldiyini qeyd edir. Terrorçuluq iğtişaşlarla da müşayiət olunub, bəzi ölkələrdə isə vətəndaş müharibəsiylə sonuclanıb.

Bəzi ölkələr arasında diplomatik gərginliyin də artdığı qeyd olunur, çünki bunun da sabitliyə təsiri olub. Məsələn, Rusiya Şərqi Avropada və Yaxın Şərqdə mövqeyini dəyişib, İran bəzi ölkələrlə diplomatik əlaqələrini yaxşılaşdırıb, bəziləriylə münasibət pisləşib. Bütün dünyada sabitlik ballarının düşməsi bu səbəbdən təəccüb doğurmur. Nisbətən sabitlik yaşayan şəhərlərin reytinqində irəliləyiş var. Bunlar Ukraynada Kiyev, Liviyada Tripoli, Şri-Lankada Kolombo şəhərləridir.

Ümumilikdə, son 12 ayda balı artan şəhərlərin sayı 7-dən 12-yə yüksəlib.

SON BİR NEÇƏ İLƏ BİRCƏ QƏTL

Avstraliya və Avropada cinayət göstəricilərinin artdığı bildirilsə də, bu regionların bəzi şəhərləri dünyanın qalan hissəsinə nisbətən daha az zorakı cinayət və xırda xuliqanlıq göstəriciləriylə öyünməkdədirlər. Məsələn, dünyada ən az qətl Avstriyada törədilir, 2016-cı ildə hər 100 min nəfərə 0.53 qətl düşüb. Paytaxt Vyana da ötən il ən az cinayətin törədilməsiylə fərqlənib. Vyana polisinin məlumatına görə, ötən il adamlara qarşı 68 cinayət qeydə alınıb. 2015-ci ildə bu göstərici 83, 2012-ci ildə 93 olub. Son illər Vyanada bircə qətl törədilib. Ancaq təkcə ötən il ABŞ-ın Detroyt şəhərində 302, Venesuelanın paytaxtı Karakasda 4 min 308 qətl qeydə alınıb.

«The Economist Intelligence Unit» bildirir ki, qlobal biznes mərkəzləri öz uğurlarının qurbanıdırlar. Nyu-York, London, Paris və Tokio cinayətkarlıq üzrə yüksək göstəricilərdən, əhalinin sıxlığından və ictimai nəqliyyat problemlərindən əziyyət çəkir. Ancaq bu şəhərlər yenə də ən yaşamalı yerlər arasında öndə gedirlər.

140 şəhər arasında Suriyanın paytaxtı Dəməşq sonuncu yerdədir. Ondan öncə Nigeriyanın Laqos, Liviyanın Tripoli şəhərləri gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun