Avropa Məhkəməsi Ermənistdanda həbsdə olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin işi üzrə kommunikasiyaya başlayıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. Onun sözlərinə görə, Avropa Məhkəməsi Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Asgarova və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselovanın şikayətləri əsasında, Ermənistana qarşı iş üzrə kommunikasiya başlayıb.
Avropa Məhkəməsi Konvensiyanın 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) maddələrinin pozuntusunun olub olmaması ilə bağlı Ermənistan hökümətinə suallar ünvanlayıb”, - deyə, Fariz Namazlı bildirib.
Vəkil qeyd edib ki, ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir. Məhkəmə həmçinin Ermənistan tərəfindən Dilqəm və Şahbazın sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini tələb edib.
Xatırlatma
2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə həmin vaxt güllələnərək öldürülüb.
D.Əsgərov və Ş.Quliyev əslən Kəlbəcər rayonundandırlar. H.Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin rayonlardan biri də 1993-cü il aprelin 2-də işğal edilən Kəlbəcərdir.