Şimali Koreya beynəlxaq ictimaiyyətin aqressiv hərbi əməliyyatları dayandırmaq çağırışına məhəl qoymayaraq, nüvə silahlarının inkişaf etdirilməsi proqramını davam etdirəcəyini bildirib.
Pxenyan BMT-nin raket sınaqlarına cavab olaraq ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları suverenliyinin pozulması adlandırıb.
Manilada ASEAN ölkələrinin sammitində Şimali Koreya nüvə silahı və ballistik raket proqramlarından geri çəkilməyəcəyini və Vaşinqton ölkəyə qarşı hərbi addım atsa, Birləşmiş Ştatlara bütün nüvə strateji gücü ilə “dərs verəcəyini” bildirib.
Pxenyan bildirib ki, Şimali Koreya məsuliyyətli bir dövlətdir və Vaşinqtonun hərbi hərəkətlərinə qoşulmasalar, Birləşmiş Ştatlardan başqa heç bir dövləti hədələmək niyyətində deyil.
Lakin Şimali Koreya qeyd edib ki, iyul ayında sonuncu raket sınağı bütün dünyaya “onların raketlərinin Birləşmiş Ştatların ərazisinə çata bilmək qabiliyyətinə malik olduğunu” nümayiş etdirib.
ABŞ dövlət katibi Reks Tillerson bazar ertəsi bildirib ki, Şimali Koreyanın dialoqa hazır olduğunu nümayiş etdirməsinin ən yaxşı yolu raket sınaqlarını dayandırması olardı.
“Onların uzun bir müddətdə ballistik raket sınaqları keçirməyib təhrikedici addımlar atmadığı bir dövrə şahidi olmamışıq. Ona görə də mən hesab edirəm ki, raket sınaqlarını dayandırmaq ilk və güclü bir siqnal olardı”, Tillerson Manilada ASEAN sammitində açıqlama verib.
ABŞ dövlət katibinin sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyalara yekdilliklə dəstək beynəlxalq ictimaiyyətin Pxenyanın addımlarını qəbuledilməz hesab etdiyinə və Korya yarımadasının nüvəsizləşdirilməli olduğunu gözlədiyinə dəlalət edir.