Türkiyədə hazırda həbsdə olan HDP (Halkların Demokratik Partisi) həmsədri Selahattin Demirtaş, onu "terrorçu" adlandırdığına görə prezident RecepTayyip Erdoğana qarşı təzminat iddiası qaldırıb.
Prezident Erdoğan G20 qrupu liderlərinin iyul ayında keçirilmiş zirvə görüşündən sonra təşkil etdiyi mətbuat konfransında Demirtaşı "terrorçu" adlandırmışdı.
Selahattin Demirtaşın vəkilləri Sertaç Buluttekin və Aygül Demirtaş Göyalp, HDP həmsədrinə vurulmuş mənəvi zərərə görə təzminat iddiası barədə ərizəni Diyarbakır Məhkəməsinə təqdim ediblər.
Ərizədə deyilir ki, Demirtaşın işi ilə bağlı məhkəmə baş tutmadan onun ünvanına "terrorçu" ifadəsinin prezident tərəfindən işlədilməsi məhkəmə araşdırmasının ədalətli və qərəzsiz keçəcəyini şübhə altına alır və məhkəməyə təzyiq kimi qiymətləndirilir.
İddia ərizəsində hər bir seçiciyə görə 1 kuruş məbləğində təzminat istənilir.
HDP-nin etdiyi yazılı şərhdə, "Erdoğandan tələb edilən təzminatın ümumi miqdarının" 60 min 584 lirə 89 kuruş (28925 manat 54 qəpik) təşkil etdiyi bildirilir.
Ərizədə qeyd olunur ki, Türkiyədə bir adamı "terrorçu" adlandırmaq üçün məhkəmə qərarı olmalıdır, Demirtaş barədə isə belə bir məhkəmə qərarı verilməyib.
Demirtaşı müdafiə edən vəkillər bildiriblər ki, HDP partiyası həmsədrinə edilən hücumlar, bu partiyaya səs verən 6 milyon 58 min 489 seçici daxil olmaqla "bütün millətə edilən hücumlardır".