Beynəlxalq və yerli statistika üst-üstə düşmür: 'Gömrük' 1.3 milyard dolları nə edib?

Beynəlxalq və yerli statistika üst-üstə düşmür: 'Gömrük' 1.3 milyard dolları nə edib?
21 Avqust 2017
Mətni dəyiş

Azərbaycanın gömrük orqanlarının hesabatına görə, 2016-cı ildə 117 ölkədən 6 milyard 370,7 milyon dollar dəyərində mal idxal olunub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq ticarət statistikası qurumunun (Comtrade) 82 ölkədən qəbul etdiyi hesabatlara görə isə, həmin il Azərbaycana 7 milyard 69,2 milyon dollar dəyərində mal göndərilib. Fərq 9,9 faizdir. Amma vəziyyət elə də pis olmadığını söyləmək olar, çünki əvvəlki ildə fərq 15 faizdən çox idi.

2016-cı ildə BƏƏ-dən mal idxalında 3 dəfə fərq var

Dövlət Gömrük Komitəsinin (DGK) idxal əməliyyatları üzrə statistik məlumatlarında faiz etibarilə mal göndərən ölkələrin rəsmi göstəricilərinə yaxınlaşma olsa da, ümumən vəziyyətin düzəldiyini demək hələ tezdir. Bunu bir çox ölkələr üzrə müqayisəli təhlilin nəticələri təsdiqləyir.

[caption id="attachment_44029" align="aligncenter" width="1500"] Photo: RABIH MOGHRABI/AFP/Getty Images[/caption]

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 2014-2016-cı illərdə Azərbaycana 1 milyard 218 milyon dollarlıq mal ixrac olunub. Azərbaycan gömrüyü isə həmin illərdə gömrük sərhədlərində 185,6 milyon dollar dəyərində malların bəyan olduğunu bildirib. Fərq 6,5 dəfədir. DGK-ya görə, 2016-cı ildə Azərbaycana BƏƏ-dən 57 milyon 793,7 min dollar dəyərində mal daxil olub. Ərəb əmirlikləri isə Comtrade-ə hesabatında Azərbaycana bundan 3 dəfə çox – 178,8 milyon dollarlıq mal ixrac etdiyini açıqlayıb.

Rusiya ilə rəqəmlər üst-üstə düşmür

Azərbaycanın ən iri ticarət tərəfdaşlarından olan Rusiya ilə də rəsmi mal mübadiləsinə dair məlumatlar üst-üstə düşmür. Əgər əvvəlki illərdə Rusiyadan idxal olunan malların həcmi Azərbaycan gömrüyündə az göstərilirdisə, 2016-cı ildə durum əksinə olub: Azərbaycan 1 milyard 641,8 milyon dollar dəyərində mal idxal etdiyini, Rusiya isə bundan 133,8 milyon dollar az mal satdığını bəyan edib.

[caption id="attachment_44059" align="aligncenter" width="1804"] Arxiv foto[/caption]

Müqayisə üçün deyək ki, 2014-cü ildə Rusiyanın federal gömrük orqanının Azərbaycana ixrac olunan malın dəyərinə dair məlumatı (2 milyard 144,3 milyon dollar - Comtrade) Azərbaycan gömrüyünün açıqlamasını 830 milyon dollar və ya 63 faiz üstələyirdi.

2,4 milyard dollarlıq türk malı hanı?

Comtrade.un.org son 3 ildə Azərbaycana 6 milyard dollardan çox türk malı satıldığını bildirir. DGK-nın hesabatlarında isə bunun 3,6 milyard dollarlıq hissəsi əksini tapıb. 2016-cı il üzrə iki ölkənin gömrük qurumlarının məlumatlarında fərq elə də böyük deyil – 104,3 milyon dollar. Türkiyə ötən il 1 milyard 285,8 milyon dollar dəyərində mal satdığını, Azərbaycan 1 milyard 181,5 milyard dollarlıq mal aldığını açıqlayıb.

DGK susur

Comtrade-in məlumatlarına görə, 2014-cü ildə Azərbaycana 96 ölkədən 15 milyard dollardan yuxarı mal ixrac olunmuşdu. Azərbaycan gömrük orqanları isə həmin il 136 ölkədən 9 milyard 187,7 milyon dəyərində malın ölkənin gömrük sərhədini keçdiyini qeydə almışdı.

DGK AzadlıqRadiosu-nun gömrük statistikasındakı bu ziddiyyətli göstəricilərin səbəblərinə dair sorğusuna cavab verməyib. Bir qayda olaraq, komitə bu məsələdə idxalçıları ittiham edir, onları malın real qiymətindən aşağı bəyan etməkdə suçlayır.

AzadlıqRadiosu-nun araşdırmaları isə həm də onu göstərir ki, Azərbaycan gömrük orqanları hərbi və mülki təyinatlı hava nəqliyyat vasitələrinin, yüngül döyüş silahlarının və s. idxalına dair məlumatları statistik hesabatlara daxil etmir. DGK bunun səbəbini açıqlamır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun