Milli müdafiə naziri, "Anqola Azadlığı uğrunda Xalq Hərəkatı" partiyasından (MPLA) namizəd olan Joao Lourencho Anqolanın yeni prezidenti seçilib.
"Euronews"-un məlumatına görə, hakim partiya həm də ölkənin növbəti prezidentini müəyyənləşdirən parlament seçkilərində qələbəsini elan edib.
63 yaşlı J.Lourencho SSRİ-də təhsil alıb və 1986-cı ildə Lenin adına Hərbi-Siyasət Akademiyasını bitirib. Anqolaya qayıtdıqdan sonra o, MPLA və orduda yüksək vəzifələr tutub. O, 1975-ci ildə Portuqaliyadan müstəqillik əldə edən ölkənin üçüncü prezidenti olub.
Əlavə edək ki, hazırkı prezident, 38 ildən çox müddətə ölkəni idarə edən 74 yaşlı Jose Eduardo dos Santos daha əvvəl partiya siyahısına başçılıq etməyəcəyini, lakin MPLA sədri vəzifəsini saxlayacağını bildirib.
Jose Eduardo dos Santos Azərbaycan Neft və Kimya Universitetinin məzunudur.