“Rusiya Ukraynanın şərqində rusdilli əhalinin vəziyyətindən narahatlığını ifadə edib. Açığı, rusdilli əhalinin əziyyət çəkdiyi yeganə ərazi məhz elə Rusiya qüvvələrinin nəzarətində olan ərazidir. Ona görə də Rusiya qüvvələri orada olmadan insanların təhlükəsizliyini təmin etmək yəqin ki, hamı üçün yaxşı olardı”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Deutsche Welle”yə müsahibəsində deyib. O bildirib ki, Minskdə Rusiya prezidentinin köməkçisi Surkov və Kiyevdə Ukrayna rəhbərliyi ilə görüşləri çox konstruktiv keçib. Diplomat qeyd edib ki, münaqişənin həllinə dair bəzi məsələlər üzrə razılığa gəlmək mümkün olmayacaq. O, həmin məsələləri dəqiqləşdirməyib. K. Volker əlavə edib ki, bütün tərəflər Donbasda hazırkı vəziyyətin onları qane etmədiyini söyləyib: “Vəziyyət böyük ehtimalla daha da pisləşəcək. Ona görə də təcili nəyisə dəyişmək lazımdır”.
ABŞ təmsilçisi Rusiyanın Minsk razılaşmalarını yerinə yetirmədiyini vurğulayıb.