Venesuela Xarici İşlər Nazirliyi Konstitusiya Assambleyasını tanımayan sənədə imza atan 11 dövlətin səfirlərinə etiraz məktubu ünvanlayıb.
Abzas.net xəbər verir ki, bu barədə ölkənin xarici siyasət qurumunun rəhbəri Jorge Arreaza məlumat verib.
"Bugün biz 12 ölkədən 11-nin səfirlərini qəbul etdik. Onlar, dünən, Venesuelanı qorxutmağa cəhd etmək üçün, Konstitusiya Assambleyasını tanımadıqlarını qeyd etmək üçün bir araya gəlməklə daha bir tarixi səhvə yol verdilər", - Arreaza "Venezolana de Televisión" kanalında çıxış edərkən bildirib.
"Biz aydın şəkildə bu görüşü rədd etdiyimizi bəyan etdik", - nazir əlavə edib. Onun sözlərinə görə, KA-nın sədri Delcy Rodriguez də 11 ölkə rəhbərini Venesuelanın müstəqilliyinə hörmət etməyə və ABŞ-ın xarici siyasətinə alət olmamağa çağırıb.
Perunun paytaxtı Limada Cənubi, Mərkəzi və Şimali Amerikanın 17 ölkəsinin XİN rəhbərlərinin və nümayəndələrinin görüşü baş tutub. Görüşün nəticəsi olaraq, 12 dövlət Venesuelada demokratik quruluşun pozulmasına dair birgə bəyanat imzalayaraq, KA-nı və onun qəbul etdiyi qərarları tanımadıqlarını elan ediblər. Sənədi Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Meksika, Panama, Paraqvay və Peru imzalayıb.