Venesuelada polislə xalq arasında toqquşmalar davam edir

Venesuelada polislə xalq arasında toqquşmalar davam edir
21 İyul 2017
Mətni dəyiş

Venesuelada prezident Nicolas Maduro-ya yeni Müəssislər Məclisi seçkilərini ləğv etmək məqsədilə təzyiq artdığı dövrdə müxalifətin təşkil etdiyi genişmiqyaslı tətilə milyonlar qoşulub.

Polis və etirazçılar arasında toqquşmalarda azı üç nəfər həlak olub, 300-dən çox adam həbs olunub.

Prezident Maduro tətilin "minimal" olduğunu və aksiya liderlərinin həbs olunacağını bəyan edib.

Aprel ayından başlayaraq müxalifətin etirazları intensivləşməkdədir, həmin dövrdən ötən müddət ərzində ölkədə 100-ə yaxın adam həlak olub.

Etirazçılar paytaxt Caracas və digər şəhərlərin yollarında zibil və məişət əşyalarından barrikadalar qurub.

Müxalifətin bildirdiyinə görə, tətilə ölkənin 85 faizi qoşulub.

Lakin paytaxtın iqtidara sadiqliyi ilə seçilən ərazilərində gündəlik həyat tərzi adi axarında davam edir: mağazalar işləyir, küçələr insan və nəqliyyatla doludur.

Dövlət qulluqçuları adi iş rejimində çalışırlar.

Bir neçə şəhərdə polis etirazçılarla toqquşmada gözyaşardıcı qazdan istifadə edib.

Paytaxt Caracas kənarında bir nəfərin, şimalda yerləşən Valencia şəhərində isə iki nəfərin həlak olduğu bildirilib.

Yerli hüquq müdafiəçi qrupların xəbər verdiyinə görə, ölkə üzrə 360-dan çox adam həbs olunub.

Kolumbiya, Fransa, İspaniya, ABŞ və Aİ, Venesuela hökumətini iyulun 30-a təyin olunmuş Müəssislər Məclisi seçkisini ləğv etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun