Prezident Donald Trump bazar günü yenidən Amerika mətbuatını tənqid atəşinə tutub.
Trump KİV-i "demokratiyanı təhqif etməkdə" suçlayıb.
Prezident Donald Trump iyulun 16-da yenidən Amerika mətbuatını tənqid atəşinə tutub. O, KİV-ləri "demokratiyanı təhrif etməkdə" suçlayıb. Xatırladaq ki, son günlər mətbuat Trump-ın böyük oğlunun rusiyalı vəkil Natalia Veselnitskaya ilə ötən il prezident seçkiləri ərəfəsində baş tutmuş görüşü barədə yazır. Kiçik Donald Trump görüşə razılıq verdiyi zaman vəkilin ona demokratların namizədi Hillary Clinton haqqında ifşaedici məlumat verəcəyini düşünürmüş.
Kiçik Donald Trump Veselnitskaya ilə 2016-cı ilin iyununda görüşüb. Daha öncə onların görüşünü təşkil edən şəxs Veselnitskaya-nın Rusiya hökumətinin vəkili olduğunu, Moskvanın Trump-ı dəstəkləmək üçün ona maraqlı ola biləcək məlumat ötürmək istədiyini deyib.
Nyu Cersi ştatında, özünün Bedminsterdəki golf kurortunda olan Trump paylaşdığı silsilə tvitlərdə oğlunu müdafiə edib.
O, tvitlərdən birində belə yazıb: «Hillary Clinton debatda veriləcək sualları qanunsuz olaraq əvvəldən ala və 33 min elektron məktubu silə bilər, ancaq saxta xəbər KİV-ləri mənim oğlum Don haqqında aşağılayıcı sözlər deyir».
"FEYK XƏBƏRLƏR DEMOKRATİYANI TƏHRİF EDİR"
Trump Hillary Clinton-un dövlət katibi işlədiyi zaman şəxsi serverindən sildiyi yazışmaları nəzərdə tutur. Bundan başqa, həqiqətən də demokratlar partiyasının vahid namizədi olmaq uğrunda mübarizədə rəqibi ilə keçirdiyi debatların birində ona suallar öncədən verilmişdi. Bu hadisə onun Trump-a uduzduğu ümummilli seçkilərdən bir neçə ay öncə baş vermişdi.
«Öz saxta anonim mənbələri, son dərəcə qərəzli və hətta saxtalaşdırılmış materialları ilə feyk xəbərlər ölkəmizdə demokratiyanı təhrif edir!» – Trump belə yazıb.
Ağ Ev müxbirləri assosiasiyası Trump-ın bu tənqidini rədd edib.
«Azad və müstəqil mətbuat həqiqətən də demokratiya üçün mühüm əhəmiyyət daşıyır», -assosiasiyanın bəyanatında belə deyilir.
PUTİN ŞƏXSƏN YÖNLƏNDİRİB?
Debat suallarının öncədən əldə edilməsi məsələsiDemokratlar Partiyası Milli Komitəsi fayllarının hakerlər tərəfindən yarılmasından sonra ictimaiyyətə məlum olub. Amerika kəşfiyyatının fikrincə, bu əməliyyatı Trump-ı dəstəkləməyə çalışan Rusiya prezidenti Vladimir Putin şəxsən yönləndirib.
WikiLeaks portalı seçkilər ərəfəsində oğurlanmış minlərlə eletron məktubu dərc etmişdi. Bir çox məktublar Demokratlar Partiyası əməkdaşlarının məhz Clinton-un partiyanın vahid namizədi olması üçün pərdə arxasında dəridən-qabıqdan çıxdığını ortaya qoyub. Clinton öz məğlubiyyətinə görə məsuliyyəti qismən bu məktubların yayılmasında görür.
Başqa bir tvitinfə Trump seçki kampaniyası zamanı müşaviri olmuş Michael Caputo-ya Konqresin Nümayəndələr Palatasının kəşfiyyat komitəsində verdiyi ifadəyə görə təşəkkür edib. Trump yazıb ki, Caputo seçki kampaniyası zamanı Trump-ın qərargahı ilə Rusiya hökuməti arasında heç bir anlaşmanın olmadığını «çox gözəl» vurğulayıb.
Trump Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinə dair çoxsaylı araşdırmalar haqda narazılıq dolu ifadələr işlədir. O bu araşdırmaları «cadugər ovu» və demokratların Hillary Clinton-un məğlubiyyətinə haqq qazandırmaq cəhdi adlandırır.
Trump-ın vəkillərindənolan Jay Sekulow iyulun 16-da ABC News kanalında çıxış edərək bildirib ki, onun fikrincə, aparılan araşdırmalar Trump-ın bu məsələ barədə ifadə verməsinə gətirib çıxarmayacaq. Hərçənd, Trump-ın özü daha öncə ehtiyac olduğu halda ifadə verəcəyini deyib.