Özbəkistanda kommunal borcları zorla yığırlar

Özbəkistanda kommunal borcları zorla yığırlar
5 İyul 2017
Mətni dəyiş
İyulun 1-dən Özbəkistanda istehlakçılardan qaz və elektrik enerjisinə görə borclar zorla yığılmağa başlanıb. Bu işi Baş Prokurorluq yanında prezident Shavkat Mirziyayevin göstərişi ilə yaradılmış məcburi icra bürosunun müfəttişləri gerçəkləşdirir. Bəzi hallarda iş o yerə çatır ki, büro əməkdaşları borclulara fiziki güc tətbiq edirlər. Borclar dəyənəklə alınır "Bizim məhəllədə büronun müfəttişləri üç günə sakinlərdən 1,5 milyon sum (376 dollar) pul ala biliblər. Əvvəllər özümüz ev-ev gəzib insanlara yalvarırdıq ki, borclarını ödəsinlər, ancaq onlar yenə də bunu etmək istəmirdilər. Büronun müfəttişləri isə borclunun evinə girib o, borcu ödəyənə qədər oradan çıxmırlar", – Daşkəndin Çilanzar rayonunda bir məhəllə birliyinin fəalı Azadlıq Radiosunun özbək xidmətinə deyib. Daha öncə elektrik enerjisinə və qaza görə borcu olan istehlakçıların iyulun 1-dən 10-dək xəbərdar ediləcəyi, iyulun 11-dənsə əmlaklarının müsadirə olunacağı barədə məlumat verilmişdi. Ancaq mənbələr bəzi yerlərdə dəyənəklərlə silahlanmış büro müfəttişlərinin 10 günü gözləmədən artıq borcları zorla almağa başladığını deyirlər. "İyulun 2-də müfəttişlər Yunusabad rayonunda yaşayan xalamın evinə gəliblər. Hamısının əynində xüsusi forma, əllərində isə dəyənək olub. Onların görkəmi istənilən adamı qorxuda bilər. Bir vaxtlar bizim küçələrimizdə «qara maskalı» adamlar gəzirdilər, bu müfəttişlər də bir az onları xatırladırlar. Özləri də çox təkəbbürlü yeriyirlər. Xalamın qaza 180 min sum (45 dollar) borcu var idi. Onlara pensiyasını alandan sonra ödəyəcəyini desə də, razılaşmayıblar. Xalam da bizə zəng vurub borc istəməyə məcbur olub. Borcu ödəyə bilsin deyə ona pul aparmışıq", – Daşkənd sakini danışır. Dəyənək zərbəsi alıb və televizorundan məhrum olub Daşkəndin Mirzo Uluqbek rayonunun 55 yaşlı qadın sakini iddia edir ki, bəzi hallarda büro müfəttişləri insanlara fiziki güc tətbiq edirlər: "İyulun 3-də səhər formalı büro müfəttişləri qonşu məhəlləyə gəldilər. Orada nə baş verəcəyi bizə maraqlı gəldiyindən, onların dalınca getdik. Sakinlərdən birinin həyətinə girdilər, orada qışqırıq qopdu, dava başladı. Sonradan bizə dedilər ki, büro əməkdaşları ev sahibini bir-iki dəfə dəyənəklə vurublar. Həmin evdə təqaüdçü ər-arvad yaşayır. Oğulları qazanc dalınca Qazaxıstana gedib. Evdə yaşlı kişi, arvadı, gəlini və üç nəvəsi yaşayır. Borcları çox olmasa da büro müfəttişləri onların televizorunu aparıblar. Ev sahibi oğlu Qazaxıstandan pul göndərəndən sonra borcunu ödəyəcəyini desə də, büro müfəttişləri gözləməyə razılaşmayıblar", – deyə o danışır. Ancaq Mirzo Uluqbek rayonunun məhəllə birliklərindən birinin nümayəndəsi büro əməkdaşlarının borclulara fiziki güc tətbiq etməsi haqda məlumatı yalan adlandırır: "Bizim məhəllədə üç günlük yoxlamalar zamanı onlar heç kimi döyməyiblər. Ancaq artıq borcluların özləri də anlayırlar ki, borcu ödəməkdən başqa çıxış yolları qalmayıb. Məhəlləmizdə təkcə bir ailədə dava olub. Dərhal məni o evə çağırıblar. O ailənin kişiləri 236 min sumluq (59 dollar) borcu qaytarmağa razılıq veriblər. Ancaq evin sahibəsi pulu ödəməkdən imtina edərək davaya başlayıb. Amma sabahısı gün onların oğlu pulu gətirib ödəyib", – o deyir. Borclulara ölkədən çıxmaq qadağan edilib Qeyd edək ki, prezidentin fərmanı ilə Baş Prokurorluq yanında yaradılmış məcburi icra bürosu enerjidən istifadəyə görə ödənişlərin tam və vaxtında ödənilməsinə cavabdehdir. Yeni qaydaya görə, ödənişlərini vaxtında etməyən vətəndaşların əmlakları müsadirə olunacaq, özləri isə Özbəkistandan xaricə getmək hüququndan məhrum ediləcəklər. Rəsmi məlumatlarda deyilir ki, bu gün Özbəkistanda fiziki və hüquqi şəxslərin qaz və elektrik enerjisinə görə borclarının ümumi həcmi 5 trilyon sumu (1,25 milyard dollara yaxın) keçib. Büronun üzərinə istehlakçıların işıq və qaz borclarının bu ilin avqustuna qədər tam yığılması öhdəliyi qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun