İran milli valyutanı denominasiya etməyə hazırlaşır

İran milli valyutanı denominasiya etməyə hazırlaşır
25 İyul 2017
Mətni dəyiş

İran Mərkəzi Bankı milli valyutanın 1:10 miqyasında denominasiya etməyə hazırlaşır. Bu barədə IRNA agentliyinə Nazirlər Kabinetinin katibi Mohsen Hacı Mirzaeyi məlumat verib.

Mirzaeyi bildirib ki, bu qərar hesablaşmaların asanlaşdırılmasını nəzərdə tutur. Yeni pul vahidi - tümənin hazırkı 10 riala bərabər olması, yəni qiymətlərdən bir "0"-ın silinməsi gözlənilir.

Milli valyutada islahatın iqtisadi komissiya tərəfindən öyrənildiyi və Mərkəzi Banka təqdim edildiyi bildirilir.

Tümən 1932-ci ildən İranda tədavüldə olub və daha sonra "rial"la əvəzlənib. Hazırda onun yenidən tərs əvəzlənməsi gözlənilir. İranın rəsmi milli valyutasının adı "rial" olsa da, xalq arasında demək olar ki, çox vaxt "tümən" sözü işlədilib. Bu da müəyyən çaşqınlıq yaradıb.

Son illərdə baş verən yüksək inflyasiya rialın məzənnəsini xeyli aşağı salıb. Hazırda İranın valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 39 000 riala bərabərdir və bundan sonra isə 3 900 tümənə bərabər olacaq.

Rialdan 3, hətta 4 ədəd "0"-ın silinməsi təklifləri müzakirə olunsa da, nəticədə belə radikal qərardan vaz keçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun