4 İyul 2017
Mətni dəyiş
Gümridən olan Karapet Mkrtchian 9 il idi ki, Moskvada mikroavtobus sürürdü. Ancaq o bu yaxınlarda vətəni Ermənistana qayıtmalı olub. Məsələ burasındadır ki, iyunun 1-də Rusiyada nəqliyyat vasitələrinin idarə olunmasına icazə verilməsi haqda yeni qanun qüvvəyə minib.
Yeni qanunun qüvvəyə minməsi nəticəsində Rusiyada çalışan ermənistanlı sürücülərin böyük əksəriyyəti işini itirib. Onların çoxu artıq vətənə qayıdıb. Problem ondadır ki, bundan sonra Rusiyada xarici vətəndaşlarla əmək müqavilələri bağlamaq yasaqlanıb. Bundan başqa, K.Mkrtchian-ın sözlərinə görə, Ermənistanda verilmiş sürücülük vəsiqələrində buraxılmış səhv ucbatından erməni sürücülər imtahan verərək Rusiyanın sürücülük vəsiqəsini ala bilmirlər.
«HÖKUMƏT BUNU NƏYƏ ƏSASƏN EDİB?»
Rusiyada Mkrtchian-a deyiblər ki, Vyana Konvensiyasına görə, sürücülük vəsiqəsində olan istənilən qeyd eyni zamanda həm də latın hərfləri ilə yazılmış olmalıdır. Ermənistanın sürücülük vəsiqələrində isə «atasının adı» qrafasındakı yazı yalnız ermənicədir. Bəzi hallarda bu qeyd həm də rusca göstərilib. Latın əlifbası ilə qeydin olmaması erməni sürücüləri fakt qarşısında qoyub.
«Rusiyada sürücülük vəsiqəsini yalnız milli vəsiqənin əsasında verirlər. Ancaq bizim vəsiqədə latın əlifbası ilə qeydin olmaması səbəbindən Rusiyada bizə sürücülük vəsiqəmiz əsasında sənəd vermirlər», – deyə Gümridən olan sürücü bildirib.
Mkrtchian Ermənistanın sürücülük vəsiqələrində «ata adı» qrafasının olmasının səbəbini anlamır. Onun sözlərinə görə, bu qrafanı doldurmaq belə vacib deyil.
«Üstəlik, onu latın hərfləri ilə doldurmayıblar», - sürücü deyir. Onun sözlərinə görə, bununla erməni sürücülərə süni çətinliklər yaradılıb. «Hökumət belə bir şeyi nəyə əsasən edib?» – deyə o sual edir.
SÜRÜCÜNÜN XAHİŞİ VƏ TƏLƏBİ
İndi K.Mkrtchian Ermənistanda verilən sürücülük vəsiqələrindəki bu səhvin düzəldilməsi üçün tədbirlər görməyə çalışır. O, Ermənistanın Milli Məclisinin deputatı Edmon Marukian-a müraciət edərək, erməni sürücülük vəsiqələrində Vyana Konvensiyasının tələblərinə əməl edilməməsinin səbəblərini araşdırmasını xahiş edib. Sürücü özünün Avrasiya İqtisadi Birliyi ərazisində işə bərpa olunması üçün kömək istəyib.
Bu günlərdə E.Marukian özünün Facebook səhifəsində yazıb ki, iyunun 1-dən Rusiya Federasiyası ərazisində qüvvəyə minmiş yeni qaydalara görə, xarici, o cümlədən erməni sürücülük vəsiqələri ilə sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olmaq qadağan edilir. Deputat əlavə edib ki, bu, Avrasiya İqtisadi Birliyi məkanında işçi qüvvəsinin sərbəst hərəkəti prinsipinə ziddir.
Marukian həmçinin, Avrasiya İqtisadi Komissiyasının sədri Tigran Sarkisian-a müraciət etdiyini bildirib. O, Sarkisian-ı Avrasiya İqtisadi Birliyi haqda müqavilənin şərtlərinin yerinə yetirilməsi və Ermənistan vətəndaşlarının maraqlarının qorunması istiqamətində tədbirlər görməyə dəvət edib.