BMT-nin Təhlükəsizlik Şurası Qətərə deyib ki, Fars Körfəzi qonşularıyla mübahisəsini həll etsin. Bunu iyulun 3-də Çinin səfiri deyib. Bu, BMT qurumunun mübahisəyə qatılmayacağını göstərir.
Qətərin xarici işlər naziri Mohammad bin Abdulrahman Al-Thani ötən həftə Təhlükəsizlik Şurasıyla görüşüb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri, Bəhreyn və Misirlə yaranmış diplomatik qalmaqalı müzakirə edib.
Bu ay Şuraya sədrlik edən Çin səfiri Liu Jieyi deyib ki, "ən yaxşı yol ölkələrin öz aralarında dialoq və konsultasiyalar vasitəsilə həll variantını tapmasıdır, çünki buna başqa bir alternativ görmürük".
"TƏLƏBLƏR ƏSASƏN RƏDD EDİLƏCƏK"
"Ölkələr ziddiyyətlərin həlli və dost-qonşu münasibətlərinə qayıtmaqdan ötrü nə edə bilsələr, Çin bunu alqışlayacaq", – Liu deyib.
Səudiyyə Ərəbistanı və müttəfiqləri iyunun 5-də Qətərlə əlaqələri kəsdiklərini elan ediblər və 13 tələb irəli sürüblər.
Bu tələblərə Dohanın "Müsəlman Qardaşlığı" qruplaşmasına dəstəyi dayandırması, "Al-Jazeera" televiziyasının qapadılması, İranla diplomatik münasibətlərin miqyasının azaldılması, Türkiyə hərbi bazasının bağlanması daxildir.
Mohammad həmin tələblərin rədd edilməkdən ötrü qoyulduğunu deyib, Qətər hüquqşünasları isə onların beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Qətər çox güman ki, bu tələbləri əsasən rədd edəcək. Bunu Birləşmiş Ştatların həmin ölkədə 2004-2007-ci illərdə səfiri olmuş Chase UntermeyerCNBC-yə deyib.
KOMPROMİS ÇƏTİN GÖRÜNÜR
Onun sözlərinə görə, 13 tələbdən ibarət ultimatum üzrə kompromis əldə etmək çətin görünür.
"Qətər bu tələbləri rədd edəcək. Mümkün saydığım yeganə tələb Qətərdən "Həmas kimi qruplaşmaların təmsilçilərini çıxarmaqdır", – keçmiş səfir söyləyib.
"Səudiyyə Ərəbistanı, BƏƏ, blokadada iştirak edən digər ölkələrin İranla münasibətləri olduğu halda, niyə Qətər Tehranla əlaqələrini kəsməlidir?", – Untermeyer deyib.
"Bu tələblərdən bəziləri doğrudan da Qətərin xarici siyasətinin fundamental komponentlərinə toxunur", – bunu isə "Stratfor" geosiyasi kəşfiyyat şirkətinin təhlilçisi Emily Hawthorne söyləyib.
Qətər mübahisədə vasitəçilik edən Küveytə bu tələblərə rəsmi cavabını bildirsə də, cavabın nədən ibarət olması ictimaiyyətə açıqlanmayıb.
Tələbləri yerinə yetirməyə Qətərə bazar gününədək vaxt verilmişdi, sonradan həmin vaxt daha 48 saat uzadıldı.