İyulun 17-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki fəal Qiyas İbrahimovun şikayətini təmin etməyib.
Q.İbrahimovun vəkilləri onun şəxsi yazışma sirrinin, konfidensial ünsiyyət qurmaq hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edib. İyulun 10-da Sabunçu Rayon Məhkəməsi onların şikayətini təmin etməyib.
Vəkil Zibeydə Sadıqova Q.İbrahimovun şikayətini müdafiə edib və bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılarkən vəkili ilə konfidensial ünsiyyət qurmaq hüququna müdaxilə olunub, vəkillərə göndərdiyi məktub təcridxana rəhbərliyi tərəfindən oxunub.
Təcridxana nümayəndəsi məhkəmədə məktubun oxunmasını təkzib etməyib, deyib ki, Q.İbrahimov məktubu onlara açıq təqdim etdiyi üçün oxunub, sonra rəisin adı qeyd edilib və vəkilə göndərilib.
Q.İbrahimov isə təcridxana təmsilçisinin arqumentini təkzib edib, məktubun təcridxana katibliyinə açıq təqdim edilmədiyini bildirib, saxlanılan şəxslərə məktub göndərmək üçün normal zərfin verilmədiyini qeyd edib.
Məhkəmə heyəti gənc fəalın arqumentlərini nəzərə almayıb, şikayət rədd olunub.
Məhkəmədən sonra vəkil Z.Sadıqova bildirib ki, sözügedən iş üzrə artıq Avropa Məhkəməsinə şikayət hazırlanıb.
Xatırlatma
Nidaçı fəallar Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayında Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqlarına görə həbs olunublar.
Ancaq gəncləri qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.
Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusları” kimi tanıyıb.