8 İyun 2017
Mətni dəyiş
Türkiyə parlamenti bu ölkənin Qətərdəki hərbi bazasına daha çox əsgər göndərilməsinə dair yeni mandat təsdiq edib.
Parlamentdəki əsas siyasi partiyalar bu qanunvericilik aktının növbədənkənar qaydada təsdiqini həyata keçiriblər.
Beləliklə, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri Dohanın blokadasına qalxdıqları bir vaxtda Ankara bu qarşıdurmadakı seçimini Qətərin xeyrinə edib.
Səudiyyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Doha ilə münasibətlərini kəsərək özlərinin hava məkanını onun təyyarələri üçün bağlayıblar. Bu ölkələr Qətər əmirliyini silahlı qruplaşmaları maliyyələşdirməkdə ittiham edirlər.
Qətər bu ittihamları qətiyyətlə rədd edir. Reuters agentliyi yazır ki, bu, qüdrətli ərəb ölkələri arasında son onilliklərin ən böyük gərginliyidir.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan ərəb ölkələrinin Qətəri blokadaya almasını tənqid edib. O bildirib ki, bu böhranda Qətərə dəstək olmaq üçün əlindən gələni əsirgəməyəcək.
Türkiyə Qətər və bir neçə Körfəz qonşuları ilə yaxşı münasibətlərə malikdir.
Türkiyə və Qətər Misirdə Müsəlman Qardaşlığı təşkilatına və Suriyada anti-Assad qüvvələrinə birlikdə dəstək veriblər.
Hakim AK partiyanın parlamentə təqdim etdiyi qanun layihəsində Qətərə əlavə qoşun göndərilməsi və bu ölkə ilə hərbi əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Türkiyə 2014-cü il razılaşmasına əsasən Qətərdə özünün hərbi bazasını yaradıb. 2016-cı ildə Türkiyənin o vaxtkı baş naziri Ahmet Davutoğlu Qətərdəki 150 türk hərbçiyə baş çəkmişdi.
Türkiyə tərəfi 2015-ci ildə bildirirdi ki, son məqsəd burdakı hərbi bazada 3 minədək əsgər yerləşdirməkdir.