Trump Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üzərində işləməyi tapşırıb
7 İyun 2017
Mətni dəyiş
ABŞ dövlət katibi Reks Tillerson deyib ki, prezident Donald Trump ona Birləşmiş Ştatların Rusiya ilə münasibətlərinin yaxşılaşdırılması üzərində işləməyi tapşırıb və Rusiyanın Trumpın kampaniyası ilə mümkün əlaqələri ilə bağlı mübahisələrin bu səylərə mane olmamalı olduğunu deyib.
Tillersonun bildirdiyinə görə, Rusiya ilə münasibətlər hazırda ən aşağı səviyyədədir və Trump ona münasibətlərin sabitləşdirilməsi və etibarın yaradılmasına çalışmağı tapşırıb.
"O, mümkün tempdə və mənim inkişafın mümkün olduğunu düşündüyüm sahələrdə səy göstərilməsi məsələsində mənimlə tamamilə açıq idi", Tillerson bildirib.
Tillerson bu açıqlamaları Yeni Zelandiyada, Vellinqtonda baş nazir Bill İnqlişlə görüşdən sonra mətbuat konfransında verib.
Tillerson Rusiyaya dair təhqiqatın detalları barədə şərh verə bilməyəcəyini deyərək, kifayət qədər məlumata malik olmadığını deyib.
Dövlət katibinin sözlərinə görə, Trump ona deyib ki, siyasi mübahisələr onun münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərinə mane olmamalıdır.
ABŞ-ın kəşfiyyat orqanları Moskvanın Trumpın qələbəsinə kömək etmək məqsədilə Demokrat Partiyasının email sistemini sındıraraq, Birləşmiş Ştatlarda keçən il prezident seçkilərinə müdaxilə etdyinə dair nəticə çıxarıb. Kreml bu iddiaları rədd edir.
ABŞ Konqresinin bir neçə komitəsi Trumpın seçki kampaniyası və Rusiya rəsmiləri arasında mümkün əlaqələrin araşdırılması ilə bağlı təhqiqat aparır.