İyunun 12-də axşam ABŞ senatorları Rusiyaya yeni sanksiyalarla bağlı qanunvericiliyi razılaşdırıblar. Sanksiyaların insan haqları pozuntuları, Suriyanı silahlandırma, ABŞ-da seçkilərə iddia olunan müdaxiləyə görə qoyulması nəzərdə tutulur.
Senatın Xarici Əlaqələr və Bank komitələrindəki demokratlar və respublikaçıların razılaşdıqları sənəd İran sanksiyaları layihəsinə əlavə olunacaq. Bununla da hazırda Moskvanın Ukraynaya təcavüzünə görə qoyulmuş sanksiyalar daha da möhkəmlənəcək. Sənəd Konqresə sanksiyalara yenidən baxmaq, Ağ ev onları yüngülləşdirməyə çalışarsa, bunu önləmək səlahiyyəti verir.
YENİ SEKTORLARA DA SANKSİYA QOYULACAQ
Yeni sanksiyalar insan haqları pozuntularına yol verməkdə, Suriya hökumətini silahla təchiz etməkdə, Rusiya hökuməti adından kiberhücumlar gerçəkləşdirməkdə suçlanan rusiyalılara tətbiq olunacaq.
Bu layihə Rusiyanın mədən, metal sənayesi, gəmiçilik, dəmiryol sektorlarına da yeni sanksiyalar qoymağa imkan verəcək. İndiyədək enerji və maliyyə şirkətləri sanksiyaların hədəfinə çevrilirdi.
Bu sənəd İrana sanksiyalar layihəsinin əlavəsi kimi yaxın günlərdə səsə qoyulacaq. Həm respublikaçılar, həm də demokratlar onu dəstəklədiyindən, Senatdan asanlıqla keçəcəyi gözlənir.
Qanun qüvvəsinə minməkdən ötrü Nümayəndələr Palatasından keçməli, ABŞ prezidenti Donald Trump tərəfindən imzalanmalıdır.
TRUMP QARŞI ÇIXARSA...
Trump seçki kampaniyası dövründə Rusiyaya sanksiyaları yüngülləşdirmək niyyətini dilə gətirib. O, layihəyə qarşı çıxsa belə, sənədi dəstəkləyənlər vetonu rədd etməyə Konqresdə yetərincə dəstək qazana biləcəklərini deyirlər.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corker deyib ki, layihəni dövlət katibi Rex Tillerson-la müzakirə edib. O, vetonun mümkün olmadığını düşünür, eyni zamanda deyir ki, razılaşma vetonu üstləməyə yetərli dəstək qazanmasa, buna təəccüblənər.
«İnanıram ki, administrasiya, azından, bizi dəstəkləməyi ciddi nəzərdən keçirməlidir», – o söyləyib.
Keçmiş prezidenti Barack Obama vəzifə müddətinin sonuncu ayında Rusiya kəşfiyyat agentliklərinə sanksiya qoyub, onların seçkiyə müdaxilə cəhdlərini əsas gətirib. Sərəncamla qoyulmuş sanksiyalar da bu qanunvericiliyə salınacaq.
Qanunvericilikdə həmçinin, Rusiya təcavüzünün hədəfinə çevrilən Avropa ölkələrində dezinformasiyanın önlənməsi və demokratik təsisatların güclənməsinə yardıma da icazə verilir.