14 İyun 2017
Mətni dəyiş
Rusiyanın ABŞ seçki sisteminə müdaxiləsi əvvəl xəbər verildiyindən iki dəfə çox ştatı əhatə edib.
Bu barədə Bloomberg xəbər agentliyi iyunun 13-də təhqiqata yaxın mənbələrdən əldə etdiyi məlumat əsasında yazıb.
Bloomberg agentliyinin xəbərində deyilir ki, Rusiya hakerləri noyabrda keçirilməli olan prezident seçkisindən əvvəl, 2016-cı ilin yayında və payızında ABŞ-ın 50 ştatından 39-nu hədəfləyiblər.
Xəbərdə bildirilir ki, hakerlər habelə seçki sənədlərini pozmağa və ya dəyişdirməyə cəhd göstəriblər.
ABŞ prezidenti Barack Obamanın hökuməti bu müdaxilədən o qədər narahat olub ki, “qırmızı telefonla” birbaşa Moskvaya şikayət edib.
Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair təhqiqat bu vaxtadək yalnız Demokratik Partiyanın serverlərinə hücumu araşdırırdı, lakin indi təhqiqata ABŞ prezidenti Donald Trump-ın kampaniyası ilə mümkün əlaqələndirmə də daxil edilib.
Hakimiyyət orqanları seçkilərin geniş miqyasda pozulacağından narahat idi, lakin təhqiqat haker hücumunun səs yekunlarını təsirləndirmədiyini aşkar edib.
Belə bir hücumu Birləşmiş Ştatlardakı seçki sisteminin pərakəndəliyi mürəkkəbləşdirirdi. Seçki zamanı hər bir ştat fərqli qaydalardan istifadə edir.
FTB Bloomberg-in bu məlumatı ilə bağlı heç bir şərh verməyib.