"Rusiya ABŞ seçici sisteminə müdaxiləyə cəhd göstərib"

"Rusiya ABŞ seçici sisteminə müdaxiləyə cəhd göstərib"
6 İyun 2017
Mətni dəyiş
Rusiya hərbi kəşfiyyatının hakerləri ötənilki prezident seçkisindən öncə bir neçə dəfə ABŞ seçici sisteminə girməyə cəhd göstərib. Bunu Milli Təhlükəsizlik Agentliyindən xəbər mediasına sızmış gizli sənəd ortaya qoyub.
"The Intercept" saytına sızdırılan sənəd iyunun 5-də axşam saatlarında dərc olunub. ABŞ Ədliyyə Departamenti bundan sonra bildirib ki, milli təhlükəsizlik podratçısının bir əməkdaşını onlayn xəbər orqanına gizli informasiya sızdırdığına görə həbs edib.
"The Intercept" yazıb ki, gizli sənəd Moskvanın GRU kəşfiyyat idarəsinə bağlı haker əməliyyatını təsvir edir. Əməliyyatın hədəfi seçici qeydiyyatı xidmətini aparan və yerli hökumətlərə avadanlıq verən ABŞ şirkətləri olub.
Sənədə görə, əməliyyat ABŞ seçici sisteminin bütövlüyünə təhlükə yaradıbmış. Belə ki, 100-dən çox yerli seçki rəsmisinə virus göndərilməklə onları aldatmağa çalışıblar və bu, 8 noyabr seçkisindən bir neçə gün öncəyədək davam edib.
Ancaq əməliyyatın prezident seçkisinin nəticəsinə təsir göstərib-göstərmədiyi açıqlanmır.
ƏN AYRINTLI SƏNƏD
"The Intercept" milli təhlükəsizlik məsələlərinə diqqət ayırır. Sayt bildirib ki, Ağ evin Milli Təhlükəsizlik Agentliyinin (NSA) sənədi 2017-ci il mayın 5-nə aid olub. Bu, indiyədək mediaya, yaxud ictimaiyyətə açıqlanmış, Rusiyanın seçkiyə təsir cəhdini üzə çıxaran ən son və ayrıntılı sənəddir.
Sayt sənədi necə əldə etdiyini açıqlamayıb. Ancaq məlumat yayılandan az sonra Ədliyyə Departamenti 25 yaşlı Reality Leigh Winner-i saxladığını bildirib. Onun Corciya ştatında çalışdığı və iyunun 3-də həbs olunduğu açıqlanıb.
"The New York Times" yazır ki, bu, departamentin sızmalarla mübarizədə qətiyyətini sərgiləyir. Belə ki, D.Trump mediaya bu cür sızmaların onun administrasiyasına zərbə vurmasından gileylənmişdi.
İttihamnamədə deyilir ki, Winner həmin sənədi çap etmiş altı şəxsdən biridir və media orqanıyla elektron yazışmaları olub.
İDDİALAR TƏSDİQLƏNİR
"Intercept"in sözçüsü Vivian Siu-nun sözlərinə görə, NSA-nın sənədi onlara anonim çatdırılıb və portalın mənbənin kimliyi haqda təsəvvürü yoxdur.
Bu sənəd Rusiya prezidenti Vladimir Putin-in seçkinin nəticələrini D.Trump-ın xeyrinə dəyişməkdən ötrü xüsusi cəhd göstərməsiylə bağlı ABŞ-ın iddialarını təsdiqləyir. Hazırda ABŞ kəşfiyyat orqanları məsələni araşdırır.
Ancaq elə bir neçə gün öncə Putin seçkiyə hər hansı müdaxilə etmədiklərini dilə gətirib. Putin onu da deyib ki, rusiyalılar tərəfindən haker hücumu ola bilər, amma bunun hökumətə dəxli yoxdur.
Mediaya sızmış sənəddə hansı informasiyanın oğurlandığı, əməliyyatın uğurlu olub-olmamasının bilinmədiyi vurğulanır. Ancaq o da qeyd olunur ki, ovaxtkı prezident Barack Obama ötən ilin sentyabrında Putin-ə seçkiyə müdaxilə etməmək xəbərdarlığını edib. Lakin buna baxmayaraq, seçici sistemlərinə haker hücumu oktyabradək davam edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun